Əsas Səhifə > Güney Press > Fransa və İran Qafanda, Rusiya gözləmədədir

Fransa və İran Qafanda, Rusiya gözləmədədir


4-06-2025, 09:51

Məlum olduğu kimi Fransa Ermənistanın Gorus rayonunda Fəxri Konsulluğunu açıb. Ötən gün Fəxri konsulun ofisinin təntənəli açılış mərasimi keçirilib. Açılışda Fransanın Ermənistandakı səfiri, ərazi idarəsi naziri, xarici işlər nazirinin müavini, Sünik qubernatoru, Gorus şəhərinin meri, fransalı senatorlar iştirak ediblər. Fəxri konsul milliyyətcə erməni, həm də Gorus Frankofoniya Mərkəzinin direktoru olan Karmen Apuntsdur. Qeyd edək ki, fəxri konsul Aparatı Baş Konsulluqdan fərqli statusa malikdir və siyasi funksiyalara və toxunulmazlığa malik deyil. Fəxri Konsulun İdarəsi əsasən humanitar və mədəni funksiyalara malikdir və bəzi hallarda konsulluq xidmətləri göstərə bilər. Ermənistan parlamentinin Fransa ilə dostluq qrupunun sədri Vladimir Vardanyan deyib ki, bu addım mərkəzləşdirilməmiş əməkdaşlığın uğurlu və səmərəli şəkildə irəlilədiyinin daha bir sübutudur: "Fransa icmasının hakimiyyət orqanları daha cəsarətli və daha sürətli olub, çünki onlar Ermənistanı dəstəkləmək lazım olan bütün vəziyyətlərə daha sürətli və daha sərt reaksiya veriblər. Böyük fransız yazıçısı Antuan de Sent-Ekzüperinin məşhur əsərində dediyi kimi, kiçik addımlar atmaq sənətini öyrənməliyik, yavaş-yavaş irəliləməliyik. Bu nəhəng hadisə dünən başlamadı, kiçik addımların nəticəsi idi". Məlumat üçün bildirək ki, İranın Qafanda konsulluğu artıq fəaliyyət göstərir. Lakin Rusiyanın Zəngəzurda konsulluq təklifinə İrəvandan "hə" cavabı verilməyib.

"Alyans" Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Sherg.az-a deyib ki, Qafanda İranın konsulluq açması, Rusiyanın belə bir tələblə çıxış etməsi və nəhayət, Fransanın bölgədə konsulluğunun fəaliyyətə başlaması regionun əhəmiyyəti ilə bağlıdır. Ekspert vurğulayıb ki, Qafan Azərbaycana və İrana yaxın ərazidir:

"Fransanın bölgəyə nüfuz etmək niyyəti çoxdan var. Paris ümid edir ki, Rusiyanın zəifləyən nüfuzundan faydalanaraq Ermənistanda, bütövlükdə Cənubi Qafqazda möhkəmlənə bilər. Ancaq hadisələr göstərir ki, bu, o qədər də asan deyil. Rusiya Ukraynanın işğalını davam etdirir və dirçəlməyə başlayır. Son günlərdə baş verənləri və ABŞ Prezidenti D.Trampın qısa müddət ərzində sülhə nail olmaq istəyini nəzərə alsaq, güman etmək olar ki, tərəflər ilin sonunadək atəşkəs əldə edə bilərlər. Hələlik Rusiya-Ukrayna cəbhəsində qeyri-müəyyənlik olsa da, bir məsələ aydındır ki, 2025-ci ildə Rusiya 2 min kv.km-ə yaxın Ukrayna ərazisini işğal edib, ağır-ağır da olsa irəliləyib. Əgər müharibə bu il bitsə, Rusiya Ermənistanda zəifləmiş mövqelərini yenidən möhkəmləndirməyə çalışacaq. Moskva tərəfdən İrəvana müəyyən təzyiqlər göstəriləcək ki, Qafanda Rusiyanın konsulluq açma istəyinə razılıq versin. Xatırladım ki, Rusiya Xankəndidə konsulluq açmaq barədə müraciət etsə də, Bakıdan müsbət cavab almayıb".

Analitik hesab edir ki, konsulluq bəzi məsələlərdə əhəmiyyətli olsa da, onun statusunu çox şişirtmək lazım deyil:
"Fransa 15-20 işçisi ilə fəxri konsulluqla Zəngəzurda ciddi iş görə bilməz. Ancaq Rusiyaya "yox", İrana və Fransaya "hə" deməsi Paşinyan hökumətinin mövqeyini, hansı siyasi xətti tutduğunu göstərir. Ermənistan İrana güvənməklə Qərbə yaxınlaşmaq yolu tutur. Paşinyan hökumətinin əsas hədəfi Rusiyadan uzaqlaşmaqdır. Düzdür, son dönəmdə Ermənistanda anti-Rusiya bəyanatları azalıb. Hərdən elə təsəvvür yaranır ki, Ermənistanda da Gürcüstanda baş verən hadisələrin reallaşması mümkündür. Avropa Birliyi üzvlüyünə namizəd olan Gücüstan hökuməti kəskin şəkildə dönüş edərək Rusiyaya yaxınlaşma xəttini tutdu. Ancaq buna rəğmən, Tbilisi Moskva ilə heç bir problemini həll edə bilməyib. Bəziləri zənn edirdi ki, Rusiya ilə yaxınlaşma xətti Gürcüstanın ərazi bütövlüyünün təmin olunmasına gətirib çıxaracaq. Görünür, Rusiya Gürcüstan məsələsi üçün də Ukrayna ilə müharibənin bitməsini gözləyir. Ermənistan hakimiyyətinin indiki məqamda belə kəskin mövqe tutması asan deyil. 2026-cı il parlament seçkisinin nəticələrindən sonra bir çox suala aydınlıq gələcək. Hələlik görünən odur ki, zaman ötdükcə nüfuzu aşağı düşən, reytinqi azalan məhz Nikol Paşinyandır. Yaxın aylarda bölgəmizdə ciddi dəyişikliklərin olması mümkündür. Fransanın Gorusda konsulluq açması da bölgəyə daha çox nüfuz etməsi ilə bağlıdır".


Geri qayıt