Əsas Səhifə > Güney Press > “Bacı və qardaşlarımı anamla birlikdə böyütmüşəm,

“Bacı və qardaşlarımı anamla birlikdə böyütmüşəm,


3-06-2025, 16:54

“Mən Gəncədə doğulub, orada da fəaliyyətə başlamışam. Bu gün də musiqi kollecində dərs deyirəm, tələbələrim müsabiqələrdə yüksək yerləri tutur, böyük nailiyyətləri var. 16 yaşımdan Gəncə Dövlət Flarmoniyasına dəvət almışam və bu gün də orada çalışıram, öz sənətimi xalqıma çatdırıram. Bu günlərdə yeni 3 mahnı ifa etmişəm. Xalqımız tərəfindən çox gözəl qarşılanıb, sevilib”
Bunu Moderator.az -a açıqlamasında xalq artisti, sevilən sənətkar Şahnaz Haşımova deyib. O daha sonra əlavə edib:
“Bakıdan mənə dəvətlər çox olsa da, mən doğma Gəncəmdə qalmağı lazım bilmişəm. Həm də ona görə ki, mən “Göy-Göl” ansamblının solisti, əməkdar artist Eldar Abdullayevlə ailə həyatı qurdum. Biz 6 il sənət dostu olandan sonra ailə qurduq. O mənim ən sadiq dostumdur. Bu ansambla bağlandıq, heç yerə getmədik, Gəncədə qaldıq. Bakıya gəlsəydik yəqin ki, həyatımız bir başqa cür olardı. Mən Gəncədə də deməzdim ki, kənarda qaldım. Dövlətim mənə hər cür diqqət və qayğı göstərib. Mükafat, fərdi təqaüd və fəxri adlara layiq görülmüşəm. “Göy-Göl” Mahnı və Rəqs ansamblının, 20 il isə Gəncə Dövlət Filarmoniyasının direktoru olmuşam. Gəncədə böyük yaradıcılıq yolum başlayıb və hələ də davam edir. Bakıda olsaydım bəlkə də daha çox bəstəkarlarla mahnılar hazırlayardım, işləyərdim. Mahnılarım daha çox olardı. Bu baxımdan narazıyam. Biri var Bakıdadırlar, bəstəkarla müğənni bir yerdə işləyir, yazır, oxuyur. Nəriman Əzimov sağ olan vaxtı o mahnılarını mənim səsimə yazırdı. Onun ilk mahnılarını mən ifa etmişəm. Sözlərimə saysız-hesabsız mahnılar yazılıb. Siyavuş Kərimi mənim sözlərimə “Sən yanımda ol” mahnısını yazdı və ötən il yaradıcılıq gecəmdə mənə sürpriz etdi. Bu ifanı əməkdar artist Ramil Qasımov elə gözəl oxudu ki, hər kəs alqışlarla qarşıladı. Sosial şəbəkələrdə yayıldı, reytinq qazandı. Tahir Əkbər sözlərimə “Mənim könlüm nə istər?” mahnısını yazıb. Mənim 3 kitabım işıq üzü görüb, 4-cü kitabımı da tamamlamağa az qalıb” deyə sənətkar bildirib.
Şahnaz Haşımova deyir ki, ailədə böyük övlad olduğu üçün bütün məsuliyyət onun üzərinə düşüb:
“Mən ailədə böyük uşaq olmuşam. Bacı və qardaşlarımın hər birini anamla birlikdə qucağımda böyütmüşəm. Onların ikinci anası olmuşam. Anam işə gedəndə onları mən saxlayırdım. İndi də onlar mənə anaları kimi baxırlar. Kefim olmayanda, xəstələnəndə hər zaman yanımda olurlar. Mənim bu gün bacı və qardaşlarımın ancaq sevgisinə ehtiyacım var. Onu da görürəm. Dövlətimiz də, xalqımız da hər zaman mənə böyük diqqət və qayğı göstərir” deyə sənətkar bildirib.

Geri qayıt