Əsas Səhifə > Güney Press / Partiya > "Azərbaycan və Çin yeni bir münasibətlər sistemi qurmağa başlayıb"
"Azərbaycan və Çin yeni bir münasibətlər sistemi qurmağa başlayıb"31-05-2025, 05:41 |
“Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Azərbaycan və Çin arasında münasibətlərin inkişafı yeni bir mərhələyə qədəm qoyur: “Artıq iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb və bu, münasibətlərin daha yüksək səviyyədə inkişafına zəmin yaradır. Azərbaycan Prezident İlham Əliyevin Pekinə son səfəri zamanı da Azərbaycan və Çin arasında bir sıra əhəmiyyətli sənədlər imzalandı və qarşılıqlı razılaşmalar əldə olundu. Bu da göstərir ki, tərəflər münasibətləri strateji statusa yüksəltməkdə qərarlıdırlar. Yaxın gələcəkdə Azərbaycan-Çin əlaqələri yalnız iqtisadi və ticarət sahəsində deyil, eyni zamanda hərbi və təhlükəsizlik sahələrində də genişlənəcək. Hazırda Azərbaycan və Çin yeni bir münasibətlər sistemi qurmağa başlayıb. Bu sistem iki ölkənin ortaq maraqlarına əsaslanaraq iqtisadi, regional və qlobal əməkdaşlığı, eləcə də təhlükəsizlik istiqamətlərini əhatə edəcək. Hazırda atılan addımlar daha dərin və uzunmüddətli tərəfdaşlıq üçün baza rolunu oynayır. Bunun real nümunəsi kimi, Azərbaycan və Çin arasında viza rejiminin qarşılıqlı şəkildə ləğv edilməsi göstərilə bilər. Bu, həm qarşılıqlı etimadın gücləndirilməsi, həm də vətəndaşların iqtisadi və ticarət sahələrində əməkdaşlığa töhfə verməsi baxımından əhəmiyyətlidir. Bütün bunlar onu göstərir ki, Bakı-Pekin münasibətləri təkcə bu gün üçün deyil, uzunmüddətli və çoxşaxəli əməkdaşlıq üçün də olduqca perspektivlidir”. Geri qayıt |