Əsas Səhifə > Güney Press > “Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var”

“Gəncədə Şeyxzamanovlar və Suriyada başqa varisləri var”


Bu gün, 16:20

“Tanınmış yazıçıların, orta əsr şairlərinin nəsillərini hardasa müəyyən etmək mümkündür. Amma bilirsiniz ki, 4-5 şəcərədən sonra nəsil bir növ tanınmaz olur, itir. Müəyyən fərziyyələr əsasında bəzi fikirlər yürütmək mümkündür. Nəsiminin 600 illiyi keçiriləndə Suriyaya gediblər, orada Nəsimi soyadında bir adam tapılıb və deyib ki, mən şair Nəsiminin nəslindənəm. Bu fakta inanmaq da olar, inanmamaq da. O da yəqin ki, babasından eşitdiklərini deyib. Gəncədəki məşhur Şeyxzamanovlar nəsli var. Bu nəslin Nizami Gəncəvinin şəcərəsindən gəldiyi bildirilir. O soyadda bir nəsil var Gəncədə. Nizami axı şeyx olub. Füzulinin oğlu Fəzl adında şair olub. O da eynilə atası kimi 3 dildə yazıb yaradıb. Fəzldən sonra Füzulinin nəsli haqda əlimizdə bir məlumat yoxdur”.
Bunu Moderator.az-a açıqlamasında Nizami Gəncəvi adına Ədəbiyyat institutunun Füzulişünaslıq sektorunun aparıcı elmi işçisi, Filologiya üzrə Fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı deyib.
O daha sonra əlavə edib:
“Bu gün araşdırmalar aparılsa belə buna ümid yoxdur ki, hansısa ədibin nəslini üzə çıxarasan. Deyilənlər də şifahi materiallar əsasında müəyyən olunmuş faktlardır. Bunları müəyyənləşdirmək üçün əldə yazılı mənbə olmalıdır. Ümumiyyətlə orta əsrlərdə tanınmış şairlər, yazarlar özləri haqqında heç bir məlumat verməyiblər. Bunu onlar təvazökarlıq kimi qiymətləndiriblər. Bu o vaxt ənənə idi. Mümkün qədər özləri haqda az danışıblar. Ən zəruri hallarda ata və anaları haqda məlumat veriblər. Məsələn, Nizami Gəncəvi “Xosrov və Şirin” əsərini yazanda oğlu Məhəmmədin 7, “Leyli və Məcnun”-u yazanda 14 yaşının olduğunu bildirib”.

Geri qayıt