Əsas Səhifə > Güney Press > Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaq
Naxçıvan Konstitusiyası dəyişdirilir: Yeni layihə Milli Məclisə təqdim olunacaqDünən, 13:07 |
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mayın 21-də keçirilən iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi ikinci oxunuşda səsverməyə çıxarılıb və qəbul olunub. Bununla da muxtar respublikanın konstitusiyasının dəyişdirilməsi ilə bağlı ilk mərhələ yekinlaşıb. Qarşıda isə iki prosedur qalıb: Ali Məclisin sədri qanunu imzalamalı və təsdiq olunmaq üçün Azərbaycan Milli Məclisinə təqdim etməlidir. İlk müzakirə və birinci oxunuşda qəbulu bu il fevralın 20-də olan sənədin detalları indiyədək açıqlanmayıb. Ali Məclisin “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirə olunduğu iclasları ilə bağlı rəsmi məlumatlarda yalnız ümumi cümlələr yer alıb. Qeyd olunub ki, qanun layihəsi geniş müzakirələrdən sonra səsverməyə çıxarılıb. Amma müzakirələr barədə ətraflı informasiya verilməyib. Teleqraf sözügedən hüquqi dəyişikliklərin mahiyyəti barədə məlumat əldə etmək üçün deputatların fikirlərini öyrənib. Naxçıvan Ali Məclisinin deputatı Qafar Qənbərov Naxçıvan MR-in Konstitusiyasında hansı dəyişikliklərin nəzərdə tutulduğuna cavab olaraq deyib: "Müəyyən inkişafdan sonra Naxçıvan Konstitusiyasında da dəyişikliklərə ehtiyac duyulurdu. Uzun illərdir belə bir zərurət yaranmışdı. Ali Məclisin sessiyasında da həmin məsələlərə baxıldı və ikinci oxunuşda qəbul edildi. Yəqin ki, bundan sonra Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunacaq”. Nəzərdə tutulan dəyişikliklərin vacib əhəmiyyət daşıdığını söyləyən deputat əlavə edib: “İnkişafla bağlı struktur dəyişikliyi və.s amillər yeni konstitusiya dəyişikliklərində öz əksini tapacaq. Amma Naxçıvan Ali Məclisində hansı islahatların və dəyişikliklərin olacağı ilə bağlı detallara vara bilməyəcəyəm”. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı Xumar Məmmədova da dəyişikliklərin mahiyyətinə diqqət çəkib. O qeyd edib ki, Ali Məclisin iclasında dəyişikliklər qəbul edildikdən üç ay sonra növbəti dəfə müzakirəyə çıxarılır və təsdiq edilməsi üçün daha sonra Milli Məclisə göndərilir: "Milli Məclisdə isə iki oxunuşda həmin məsələyə baxılır. Bu dövr isə 6 ayı əhatə edir. Amma ümumilikdə Ali Məclisin son sessiyasında Naxçıvan Konstitusiyasında hansı dəyişikliklərin olacağı ilə bağlı qərarlar qəbul edilib. Bununla bağlı detalları danışa bilməyəcəyəm. Layihə Milli Məclisə təqdim edildikdən sonra detalları biləcəksiniz”. Deputat dəyişikliklərin Naxçıvan Konstitusiyanın neçə maddəsini əhatə edir sualına isə birmənalı cavab verməyib: “Ümumi məlumatları sizə bildirdim. Əlavə məlumatlar üçün Ali Məclisin saytına da müraciət etmək olar. Amma konkret neçə maddədə dəyişikliklərin olacağını hələlik açıqlamaq olmur”. O, əlavə və dəyişikliklərin nədən ibarət olacağı sualına belə cavab verib: "Buna cavab verməmək hüququnu özümdə saxlayıram. Ali Məclisin iki oxunuşundan keçmiş layihə Milli Məclisdə 6 aydan bir aparılacaq müzakirələrdən sonra sizlərə daha dəqiq məlumatlar verə biləcəyik”. X.Məmmədova "həmin dəyişikliklərdə Naxçıvan Xüsusi Nümayəndəliyinin statusunun müəyyənləşməsi və Naxçıvan Nazirlər kabinetinin saxlanılacağı məsələsi öz əksini tapıbmı" sualına isə konkret cavab verəməyib: "Ali Məclisin növbəti sessiyasından sonra bu barədə daha dəqiq məlumatlar əldə etmək mümkün olacaq". Deputat Naxçıvanın idarə edilməsində Ali Məclisin əvvəlki funksiya və səlahiyyətini saxlaya bilcəyinə dair suala gəincə, deyib: "Təbii ki, konstitusiyada hər hansı bir dəyişikliklərin edilməsi labüddur. Xüsusi nümayəndəliyinin yaranması, atılacaq addımların müəyyən qanunlarda dəyişikliklərin edilməsi özündə məhz bu prosesi ehtiva edir. Sözsüz ki, Naxçıvan Konstitusiyasında müəyyən dəyişikliklər olacaq. Amma bu dəyişikliklər Milli Məclisə təqdim edildikdən və geniş müzakirələrə çıxarıldıqdan sonra açıqlanacaq”. X.Məmmədova dəyişiklik zərurətinin bir çox hallarda Naxçıvandakı Xüsusi Nümayəndəlik və Ali Məclis arasında səlahiyyətlərin bölüşdürülməsi ilə bağlı olduğu iddianı təkzib edib: “Xüsusi nümayəndəlik Prezident İlham Əliyev tərəfindən təsis edilib və o, bir institut kimi formalaşıb. Bu da Naxçıvan Konstitusiyasının bir neçə maddəsində dəyişikliklərin edilməsini sözsüz ki, labüd edir. Amma ortada ziddiyyətli heç nə yoxdur. Sadəcə, yeni dövrün tələblərinə uyğun olaraq dəyişikliklərə ehtiyac var idi”. "Konstitusiya layihəsinin niyə gizli saxlanılmasını" isə deputat qanun qəbuledikdən əvvəl deputatın hər hansı bir söz deməsinin məqsədə uyğun olmaması ilə izah edib: “Bu rəsmi bir qərardır. Mənim də bir deputat kimi ixtiyarım yoxdur ki, bu qərarı açıqlayım. Rəsmi qərar qəbul edildikdən sonra bütün detallar açıqlanacaq”. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, deputat Fazil Mustafa Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında hansı maddələrin dəyişəcəyi ilə bağlı suala belə cavab verib: "Bu layihə Milli Məclisə təsdiq üçün göndərildikdə dəyişikliklərlə tanış ola biləcəyik. Ona görə də bu məsələnin detalları ilə bağlı bir şey söyləyə bilmərəm. Yəqin ki, zərurət var. Belə olmasa idi, Naxçıvan Ali Məclisi toplanıb dəyişikliklərlə bağlı qərar verməzdi. Ona görə də burada hansısa şübhəli yanaşma doğru deyil”. Deputat Naxçıvan Konstitusiyası niyə dəyişilir və hansı maddələrdə dəyişikliklərin olacağı sualına cavab vermək üçün konkret maddələrlə tanış olmağın vacibliyini bildirib: “Sözsüz ki, Konstitusiyaya əsasən həmin dəyişikliklər təsdiq edilməsi üçün Milli Məclisə göndəriləcək və o zaman da biz bu mövzulara dair ətraflı münasibət bildirəcəyik”. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına uyğun olaraq Konstitusiyaya dəyişikliklər haqqında qanun Ali Məclisin sədri tərəfindən imzalandıqdan sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunur. Geri qayıt |