Əsas Səhifə > Güney Press > Arvadını döyən və onun ailə üzvlərinin evlərinə qanunsuz daxil olan şəxslə bağlı

Arvadını döyən və onun ailə üzvlərinin evlərinə qanunsuz daxil olan şəxslə bağlı


Bu gün, 08:58

Ali Məhkəmədə qəsdən sağlamlığa yüngül zərər vurmada və mənzil toxunulmazlığını pozmada təqsirləndirilən A.Qənbərovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, şikayət təmin edilməyib.

İttihama görə, A.Qənbərov 17 iyul 2010-cu il tarixdən 11 yanvar 2011-ci il tarixdək, 09 dekabr 2011-ci il tarixdən 02 iyun 2018-ci il tarixdək, 25 sentyabr 2018-ci il tarixdən 13 noyabr 2019-cu il tarixədək və 2019-cu ilin noyabr ayının sonlarından 2023-cü ilin oktyabr ayının sonlarınadək olan müddət ərzində Xaçmaz rayonu ərazisində kirayədə yaşadıqları istintaqa məlum olmayan ayrı-ayrı ünvanlarda heç bir əsaslı səbəb olmadan mütəmadi olaraq arvadı, zərərçəkmiş N.N.-in (ad, soyadı şərtidir) bədəninin müxtəlif nahiyələrinə qəsdən yumruq və təpik zərbələri vuraraq, ona güclü fiziki ağrılar və psixi iztirablar verib.

2023-cü ilin oktyabr ayının sonlarında qadın ərindən ayrılıb ata evində yaşamağa başlayıb. Təqsirləndirilən şəxs 31 dekabr 2023-cü il tarixdə, saat 21 radələrində sərxoş vəziyyətdə qadının yaşadığı Xaçmaz rayonu, Qobuqıraq kəndi ərazisində yerləşən evə gəlib. O, N.N-i, habelə qadının atası, anası və qardaşının iradəsi ziddinə mənzilə daxil olaraq birgə nikahdan olan azyaşlı uşaqlarının axşam saatlarında parkda olmalarını bəhanə edib. Sonra A.Qənbərov evin yataq otağının taxta qapısını təpiklə vurub sındıraraq ora qanunsuz daxil olub övladlarının gözləri qarşısında arvadını təhqir edib qəsdən yumruqla onun başına zərbə vuraraq yerə yıxıb. Daha sonra təqsirləndirilən şəxs arvadının çiyin nahiyəsindən tutub yerdə sürüyərək həyətə çıxarıb orada zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə yumruq, təpik və həyətdə olan dəmir parçası ilə qəsdən vurub.

Beləliklə, A.Qənbərov arvadına güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab verib, habelə zor tətbiq etməklə qanunla müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil olub.

Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə) maddəsindən həmin Məcəllənin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsinə tövsif edilib. Məhkum Cinayət Məəclləsinin 128 və 157.2-ci (mənzil toxunulmazlığını pozma) maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 ay müddətə azadlıqdan məhrum edilib.

Hökmdən dövlət ittihamçısı apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsi apellyasiya protestinin təmin edilməməsini qərara alıb. Daha sonra qərarından dövlət ittihamçısı kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.


Geri qayıt