Əsas Səhifə > Güney Press > “Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər

“Traktor” klubunun çempionluğunu əlindən almaq istəyirlər


Dünən, 10:54

Xəbər verdiyimiz kimi, Təbrizin “Traktor” klubu bu mövsüm İran Premier Liqasında ölkə çempionu olub.

Tribunainfo.az xəbər verir ki, 68 xalla bütün rəqiblərini geridə qoyan klub, ötən günlərdə möhtəşəm kubok şənliyi də keçirib.

Lakin bu qələbə İran Futbol Federasiyası və bəzi fars millətçilərinin maraqlarını qoruyan klubların ürəyincə olmayıb. Elə bu səbəbdən də tərəflər “Traktor”a qarşı hücumlara başlayıblar.

Qeyd edək ki, fars millətçilərinin klubu kimi tanınan və çempionatda ikinci və üçüncü yerləri bölüşdürən “Sepahan” və “Perspolis” klubları “Traktor”dan şikayətçi olublar. Hər iki klub əvvəlcə, İran Futbol Federasiyasına şikayət edərək, Təbriz klubunun müqaviləsiz futbolçuların xidmətindən istifadə etdiyini iddia ediblər. Yerli medianın yazdığına görə, iddiaya əsasən klubun qapçısı və daha iki oyunçusunun müqavilə müddəti bitdiyi halda, çempionat oyunlarında iştirak ediblər. Onlar tələb ediblər ki, məsələ araşdırılsın və “Traktor” klubunun çempionluğu əlindən alınsın.

“Traktor” klubu bu iddiaları rədd edib və həmin oyunçularla müqavilələrinin olduğunu bildirib. “Sepahan” və “Perspolis” klubunu isə qələbələrini həzm etməməkdə qınayıb.

Bildirək ki, əgər məsələ FİFA tərəfindən təsdiqlənərsə, “Traktor” klubunu ciddi problemlər gözləyir. Belə ki, şikayət qəbul edilərsə Təbriz klubunun çempionluğu əlindən alınacaq, 100 min İsveçrə frankı məbləğində cərimə olunacaq və iki il transfer imkanından məhrum ediləcək.


Geri qayıt