Əsas Səhifə > Güney Press > Avropa ilə Azərbaycan arasında buzlar əriyir?

Avropa ilə Azərbaycan arasında buzlar əriyir?


Dünən, 10:49

Mayın 16-da Albaniyanın paytaxtı Tirana şəhərində “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısı keçirilib. Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunub.

Qeyd edək ki, “Avropa Siyasi Birliyi” təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Tədbir çərçivəsində Azərbaycan lideri Avropa ölkələrinin liderləri ilə görüşlər keçirib, müzakirələr aparıb. Əsas diqqətçəkən məqamlardan biri Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan lideri ilə görüşü, ayaqüstü müzakirələri, eyni zamanda, Ermənistanın Baş naziri Nikol Paşinyanın İlham Əliyevlə görüşmək üçün fürsət axtarışı olub.

Məlumdur ki, İkinci Qarabağ müharibəsi və Qarabağda antiterror əməliyyatından sonra bəzi Qərb ölkələrinin, əsasən də Fransanın Azərbaycana qarşı təzyiq siyasətinin şahidi olmuşuq. Anti-Azərbaycan mövqeyi sərgiləyən Fransa və onun rəhbəri hər fürsətdə ölkəmizə qarşı qərəzli münasibət sərgiləyib. Bu səbəbdən də Azərbaycan lideri Avropada keçirilən toplantılarda iştirakdan imtina edirdi. İndi isə görünən odur ki, Avropanın mövqeyində dəyişiklik var ki, Azərbaycan lideri Tiranada keçirilən tədbirdə iştirakı məqsədəuyğun sayıb.

Mövzu ətrafında AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı Rasim Musabəyov deyib ki, əslində Avropa ilə Azərbaycan arasında soyuq münasibətlərə səbəb olan problemlər artıq gündəlikdən çıxıb:

- Bu problemin biri Qarabağ münaqişəsi ilə bağlı idi ki, bu məsələ aradan qalxıb və daha gündəlikdə yoxdur. Avropadakılar da artıq bunu anlayırlar. İndi münaqişə yoxdur, həll olunub, qalıb sülh sənədinin imzalanması. Ona görə də bu məsələ ilə bağlı çağırışlar etmək, bəyanatlar vermək mənasızdır və bunu başa düşürlər. Düzdür, Avropa Parlamenti zaman-zaman çağırışlar edir, qətnamələr qəbul edir. Amma Azərbaycan tərəfi bu qətnamələrə cavab belə vermir, buna ehtiyac görmür. Nə danışırlar-danışsınlar, bizim üçün əhəmiyyəti yoxdur. Avropa ölkələri də bunu anlayırlar və indi sadəcə çağırış edirlər ki, İrəvanla sülh sazişi mətni razılaşdırılıbsa, bunu imzalayın, məsələ bitsin. Yəni bu keys artıq bağlanıb.

Soyuqluq yaradan ikinci məsələ isə insan hüquq və azadlıqları ilə bağlı idi ki, onlar çalışırdılar Azərbaycana insan haqları, demokratiya ilə bağlı dərs keçsinlər. Lakin məlum oldu ki, Fransa siyasətində ən yüksək reytinqi olan Marina Le Pen haqqında cinayət işi açıldı, seçkidən beş il müddətinə kənarlaşdırıldı. Almaniyada nüfuzlu olan “Almaniya üçün Alternativ” Partiyanı ekstremist adı ilə bağlamaq istəyirlər. Rumıniyada prezident seçkilərində qalib gələn siyasətçini Rusiyanın casusu adlandıraraq seçkinin nəticələri ləğv edildi. Bütün bunlar özü göstərir ki, Avropa İttifaqının özünün içərisində insan haqları, demokratiya ilə bağlı xeyli problemlər var. Belə bir halda, Azərbaycana dərs demək istəyi avropalılar üçün çətin oldu.

İndi ortada qalıb praqmatik məsələlər. Avropanın enerji təhlükəsizliyi ilə bağlı Azərbaycan əhəmiyyətli oyunçudur. Bu, Avropa üçün əhəmiyyətlidir. Yaşıl enerji ilə bağlı Azərbaycanın kifayət qədər böyük layihələri var ki, onları həyata keçirməyə hazırlaşır. Aİ də bu məsələlər kontekstində Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Nəhayət, Orta Dəhliz məsələsi var ki, Aİ ölkələrinin liderləri anlayırlar ki, burada Azərbaycan açar ölkədir. Bu baxımdan, reallıqlar Aİ-ni Azərbaycanla praqmatik davranmağı, rəsmi Bakı ilə münasibətləri qaydaya salmağı tələb edir. Məsələ burasındadır ki, münasibətlərin yaxşı olmasından həm Avropa, həm də Azərbaycan uduşlu çıxar.

- Markonun timsalında Fransanın Azərbaycana münasibəti bəllidir. Biz isə Tiranada Makronun Azərbaycan lideri ilə ayaqüstü səmimi söhbətinin şahidi olduq. Sizcə, Fransa ölkəmizə qarşı yanaşmasında dəyişiklik edib, yoxsa Fransa Prezidenti növbəti oyunla məşğuldur?

- Hesab edirəm ki, Fransa da reallıqları qəbul etmək məcburiyyətindədir. Şərq Tərəfdaşlığı adlı bir proqram var ki, bunun arxasında əvvəllər Fransa yox idi. Bu Proqram Almaniya, İsveç və Polşanın təşəbbüsü ilə yaradılıb. Paris daha çox Aralıq dənizi regionunda qonşuluq siyasəti, Aİ-nin imkanlarının bu regionma yönəlməsi ilə məşğul idi. Fransa sonradan gəlib bizim regiondakı məsələlərə müdaxilə etməyə başladı, mövqe tutmağa cəhd etdi. Nəticə isə sıfır oldu, Parisin təşəbbüsləri fayda vermədi. Çünki Azərbaycan Avropanın digər ölkələri ilə ikitərəfli münasibətləri qurub və inkişaf etdirib. Həm də Parisə, Brüsselə fikir vermədən. Burada itirən Fransa oldu. Hesab edirəm ki, Fransa rəhbərliyi də götür-qoy etdi, anladı ki, Azərbaycana qarşı siyasət Parisə heç nə vermir. Bu baxımdan da, Makron Tiranada addım atdı. Azərbaycanın isə Fransa ilə süni şəkildə gərginlik yaratmaq marağı olmayıb, indi də yoxdur.

- Tiranada maraqlı bir nüans da o idi ki, Fransanın himayədarlıq etdiyi Ermənistanın Baş naziri Azərbaycan lideri ilə söhbət etmək üçün fürsət axtarırıdı. Sizcə, Paşinyanın bu canfəşanlığı nədən irəli gəlir?

- Paşinyanın içərisində qorxu var. Baş nazir anlayır ki, Rusiyada onu devirmək üçün planlar cızılıb və ona qarşı Moskvadan çox ciddi təzyiqlər olacaq. Belə olan halda, Paşinyan həm özünün, həm də Ermənistanın mövqeyini möhkəmləndirmək üçün Azərbaycanla münasibətləri təcili şəkildə qaydaya salmaq, eyni zamanda, Türkiyə ilə münasibətləri normallaşdırmaq istəyir. Ermənistan Baş nazirinin canfəşanlığının altında dayanan səbəb budur. Paşinyan İlham Əliyevin Avropada necə qarşılandığını gördü və anladı ki, İrəvanın Bakı ilə münasibətləri yaxşılaşdırmaqdan başqa yolu yoxdur. Baş nazir anlayır ki, onun və ölkəsinin bölgədəki vəziyyəti hər gün pisləşir. İndi çalışır ki, hansısa şəkildə vəziyyətdən çıxa bilsin. Vəziyyətdən çıxış yolu da bəllidir – Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etmək və sülh sazişi imzalamaq. Yəqin ki, Prezident İlham Əliyev Tiranada Paşinyana bunları bir daha xatırlatdı.


Geri qayıt