Əsas Səhifə > Güney Press > 1,5 milyardlıq ANLAŞMA

1,5 milyardlıq ANLAŞMA


Dünən, 14:56

Rusiya Beynəlxalq Münasibətlər Şurası tərəfindən dərc olunan analitik materialda bildirilir ki, Ermənistan Hindistanla 1,5 milyard dollar, Fransa ilə isə 250 milyon dollar dəyərində müdafiə müqavilələri imzalayıb.

Musavat.com xəbər verir ki, Hindistan mətbuatı hərdən bu hərbi-texniki sövdələşmələrlə bağlı məlumatlar paylaşsa da, müqavilələrin ümumi məbləği indiyədək rəsmi şəkildə açıqlanmayıb.

Bundan əlavə, Ermənistanın rəsmi dairələri Hindistanla bu cür razılaşmaları heç vaxt təsdiqləməyiblər.

RIAC (Rusiya Beynəlxalq Münasibətlər Şurası) məqaləsində qeyd olunur ki, söhbət 2022–2023-cü illərdə Hindistanla, 2023–2024-cü illərdə isə Fransa ilə bağlanmış müqavilələrdən gedir.

Qeyd olunur ki, Ermənistan-Hindistan müqavilələrinə müxtəlif silahların tədarükü daxildir: 214 mm-lik "Pinaka" reaktiv yaylım atəş sistemləri (MLRS), "Konkurs" tank əleyhinə raket kompleksləri, minaatanlar və müxtəlif sursatlar.

İrəvan həmçinin 155 mm-lik ATAGS artilleriya qurğuları, özüyeriyən və yedəkli haubitsalar, ZADS pilotsuz uçuş əleyhinə sistemlər və "Akash 1S" hava hücumundan müdafiə sistemləri ya alıb və ya da alacaq. Həmçinin MR-SAM raketləri və orta mənzilli "Akash-NG22" HHM sistemlərinin alınması gözlənilir.

Fransa ilə bağlı isə, 2023-cü ildə imzalanmış müqavilələr çərçivəsində Paris artıq 24 ədəd "Bastion" yüngül zirehli texnikası və "Safran" şirkəti tərəfindən istehsal olunmuş gecə görmə cihazlarını Ermənistana təhvil verib.

Bundan əlavə, Ermənistanın müdafiə təyinatlı silahlar alması ilə bağlı sazişlər də imzalanıb. Bu silahlar arasında "yer-hava" tipli raketləri aşkar etmək qabiliyyətinə malik üç ədəd "GroundMaster 200" radar sistemi də var.

Həmin il Ermənistana “Mistral 3” zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılıb.

2024-cü ildə isə Paris və İrəvan arasında yeni müqavilələr bağlanıb. Bu çərçivədə Ermənistan Fransanın PGM şirkətindən müxtəlif modifikasiyalı hücum tüfəngləri və özüyeriyən "Sezar" artilleriya qurğuları almağı planlaşdırır.

Qeyd edək ki, Fransa müdafiə naziri Sebastian Lekornu bu haubitsalarla bağlı hələ ötən il açıqlama verib.

Rəsmi məlumatlarda həmçinin "GroundMaster 200" radar sistemləri və "Mistral 3" komplekslərinin tədarükü də təsdiqlənib.


Geri qayıt