Əsas Səhifə > Güney Press > Toyda ona hücum edildiyi deyilən aktrisadan AÇIQLAMA:
Toyda ona hücum edildiyi deyilən aktrisadan AÇIQLAMA:Bu gün, 10:26 |
“Mənə heç kim toyda hücum etməyib. Hansı davadan söz gedir? Kimdəsə əgər nəsə kadrlar varsa çıxarıb göstərsin. Bəyəni toplamaq üçün daha nələr uydurmurlar ki.. Dəhşətdir. O ki, qaldı yaydıqları videoya.. O 10-15 ilin görüntüsüdür. Mənim üstümdən keçib musiqiçilərə hücum etmək istəyirdilər. Mikrofonu götürüb dedim ki, nə istəyirsən bizdən? Get otur yerində. Bu sözümdən sonra ara sakitləşdi. Toydur, içki aləmidir. Kimsə musiqiçilərə əsəbləşir, kimsə ümumiyyətlə əsəbidir. İçkili olurlar, özlərini itirirlər. Biri başqa mahnı istəyir, digəri başqa hava çaldırır. Nəticədə əziyyəti çəkən də musiqiçilərdir. 30 ildir həm aktrisalıq edirəm, həm də müğənni kimi toylara gedirəm. Kişi kimi qadınam. Ömür boyu imkan vermərəm ki, mənə qarşı səhv addım atsınlar, yaxud da özüm nəsə səhv addım atım. Bəzən olub ki, oxumamışam, təkcə aparıcılıq etmişəm. İnsanlarla yumuşaq tərzdə danışmaq lazımdır”
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Sonaxanım Əliyeva deyib. O daha sonra əlavə edib:
“Bəzən aktrisalar deyir ki, arıqlayandan sonra rollarımı itirdim. Məndə heç nə dəyişməyib. Kök də olanda çəkilmişəm, indi də çəkilirəm. 41 kilo çəki itirmişəm, 66 kilodayam. Hazırda Rövşən İsaxın rejissorluğu ilə “İmtina” serialında rol alıram. Bu mövzuda həqiqətən də şükür edirəm. Rejissordan rejissora fərq var. Həqiqi rejissordursa o hər rola uyğun aktrisanı görür, potensialına bələd olur və çəkir. Hələ ki, dəvət olunuram. Dəvət olunmayanda da düşünürəm ki, yəqin məsləhət deyil. Məni üzən bircə teatrsızlığımdır. Nə edək ki, bu günki gündə teatrların qapıları mənə, mənim kimi bir çox aktyor və aktrisalara bağlıdır. Bizim də sevənlərimiz, izləyənlərimiz var. Teatra gəliriksə özümüzlə müəyyən bir tamaşaçı kütləsi də gətiririk. Bizi sevənlər canlı-canlı gəlib teatrdan da izləmək istəyirlər. Amma necə edək? Kimə şikayətlənib dərdimizi deyək?” deyə sənətçi bildirib.
Qeyd edək ki, bir neçə gün öncə Sonaxanım Əliyevaya toyda hücum edildiyi yazılmışdı.
Geri qayıt |