Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/classes/templates.class.php on line 157 Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/webmediasrv/public_html/diaaz.space/engine/modules/sitelogin.php on line 108 Çap versiya > Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...”
Əsas Səhifə > Güney Press > Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...”

Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...”


Bu gün, 17:36
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...”
Azərbaycan kino cameəsi son illərdə həm mövzu, həm də yanaşma baxımından yeni yollar axtarır.

Bu axtarışların nəticəsindən biri də rejissor Cavid Təvəkkül və ssenari müəllifi Rəsul Allahverdiyevin birgə işi olan “Spinozanın Tanrısı” filmidir. Fəlsəfi kontekstdə qurulan bu ekran işi həm mövzusu, həm də bədii baxımından yeni bir baxış təqdim edir.

Film sosial mediada böyük maraqla qarşılansa da, daha sonra filmin rejissoru və ssenari müəllifi “Facebook” platformasında reytinqlərlə bağlı diqqətçəkən paylaşımlar etdi. Bildirildi ki, film izlənmə reytinqinə görə bütün filmlər arasında sonuncu yerdədir və statistikalar gözlənildiyindən xeyli zəifdir. Bu da o deməkdir ki, filmin yayımlandığı platformalar yaxın günlərdə ekran nümayişini dayandıra bilər.

Bəs, ölkədə çəkilən filmlərin reytinqinin yüksək olması üçün hansı amillər əsasdır? Azərbaycan izləyicisi necə filmləri sevir? Bu film Azərbaycan kino sənətində hansı yenilikləri təqdim edir?

“Cebheinfo.az” filmin ilk reytinqləri, çəkiliş prosesi və gələcək planları barədə ətraflı məlumat almaq üçün rejissor Cavid Təvəkkül ilə əlaqə saxlayıb. Rejissor kollektivin istehsalat mərhələsindən etibarən sonadək filmin öz tamaşaçısını tapacağına inandığını deyib:

“Elə indi də inanırıq”.

Cavid Təvəkkülun sözlərinə görə, film çaxır kimi bir şeydir, qaldıqca tündləşir:

“Fevralın 27-də ilk nümayişi baş tutan “Spinozanın Tanrısı” filminin çəkilişlərinə ötən ilin noyabr ayında başladıq. Artıq fevralın əvvəllərində film nümayişə tam hazır idi. Film psixoloji triller janrında çəkilmiş bir ekran əsəridir və bir gəncin həyatda ikili həyat yaşamasından, ülvi məhəbbətin dərkindən bəhs edir. Belə bir janrın çətin olduğunu yəqin ki, bilirsiniz. Amma bu çətinlik bizi qorxutmadı.

Filmin ideyası Rəsul tərəfindən gəldi və qərara gəldik ki, bu ssenarini işləyək. Niyə işləyək? İlk olaraq düşündük ki, gənclərimiz, ümumiyyətlə, insanlarımıza, kinosevərlərə, kinoteatrlara film seyr etmək istəyən yerli tamaşaçılarımıza bu film yeni bir nəfəs olar, yeni bir janrla tanış olarlar.

Heç kim deyə bilməz ki, bu film tutacaq, seyr ediləcək, ya yox, məmləkətdə belə bir adam tanımıram. Məncə, belə bir proqnoz vermək qeyri-mümkündür. Əgər kimlərsə bu cür proqnoz verə bilirsə, onlar yalnız komediya, uzaqbaşı romantik komediyalara proqnoz verə bilərlər. Biz isə bu layihəyə statistik hesablamalarla deyil, ürəyimizin səsi ilə başladıq. Yerli tamaşaçılarımıza inandıq, onların zövqünə güvəndik və bu ümidlə yola çıxdıq.

Əslində, məqsədimiz keyfiyyətli bir film istehsal etmək idi və bunu bacardıq. Bu işdən müəyyən maliyyə də əldə etmək istərdik ki, gələcəkdə digər layihələri də gerçəkləşdirə bilək, amma...”

Rejissor qeyd edib ki, kinoteatrların təqdim etdiyi reytinq cədvəllərinə inanmır:

“Bir filmin yüksək reytinq qazanması üçün hansı şərt və ya amillərin vacib olduğu barədə bir söz deyə bilmərəm. Çünki biz qəlb və könül adamıyıq. Film çəkəndə reytinqi düşünmürük, əsas diqqəti zövqə yönəltməyə çalışırıq. Təəssüf ki, bizim zövqümüzə uyğun olanların sayı azdır. Üstəlik, reytinq daha çox televiziyaların maraq dairəsinə daxildir. Biz isə film sənətindən danışırıq.

Kinoteatrların təqdim etdiyi reytinq cədvəllərinə inanmıram və inanmaq da istəmirəm. Soruşsanız niyə, axı kinoteatrlar tamaşaçının seyri ilə reytinq qurur? Bir daha xatırladım ki, film 28 fevralda, havaların kəskin soyuduğu zaman daxil oldu.

Havaların qarlı, çovğunlu keçdiyi həmin günlərdə kinoteatrların filmimizə verdiyi seansları nəzərə alsaq, ögey münasibətin şahidi olarıq. Həmin günlərdə səhər saat 10:00-da və gecə saat 22:00-da seanslara gələ biləcək insanların kinoteatrlara gəlmə faizi sıfıra bərabər idi.

Bildiyimə görə, ilk üç gün təxminən iki yüzə yaxın tamaşaçı filmi izləyib, özü də elə soyuq havada. Lakin daha sonra filmin seanslarının dəyişdirilməsi mənə hələ də aydın deyil. Üstəlik, kinoteatrlar şəbəkəsinin birinin sosial media platformasında filmlə bağlı təbliğat aparmaması, tətbiqdə seans siyahısının və hətta filmin posterinin belə yer almaması mənə tamamilə anlaşılmaz gəlir.

Razıyam, biz şedevr film çəkməmişik, ortaya qeyri-adi film qoymamışıq. Sadə bir sevgi hekayəsi təqdim etməyə çalışmışıq, amma bir qədər fərqli formada. Düşünürəm ki, öhdəsindən də gəlmişik. Sadəcə bu ögey münasibəti anlaya bilmirəm. Bu tərs münasibət mənə yad gəlir.

Fikrimcə, film ən azı iki həftə ərzində nümayiş cədvəlində qalmalı idi. Ondan sonra reytinq barədə danışmaq mümkün olardı. Ola bilsin, yanılıram, amma gördüklərim içimdə şübhə yaradır”.Cavid Təvəkkül milli kinematoqrafiyaya dəstək vermək niyyətində olduğunu vurğulayıb:

“Belə böyük çətinliklərimiz olmayıb, amma “rahat çəkdik” desəm, yanılaram. Ciddi çətinliklər yadıma düşmür, amma təbii ki, hər işdə çətinliklər olur, olub və olacaq da. Əgər gördüyün bir iş çətinliklə ərsəyə gəlmirsə, deməli, sən əslində işləməmisən. Bu, bir növ həyat və kino dramaturgiyası kimidir, ziqzaqlar, baryerlər olmasa, nə həyat maraqlı olar, nə də film.

Ciddi mənada elə bir yenilik etməmişik, bu daha çox janr baxımından ola bilər. Amma yeniliyin olub-olmadığını filmə baxanlar deyə bilər. Əgər tamaşaçı hər hansı bir yenilik görürsə, nə xoş bizə.

Xüsusi gözləntilərimizi aldıq, dəyər də verdik. Əsas gözləntimiz yeni filmin ərsəyə gəlməsi idi, o da oldu. Filmin nə dərəcədə uğurlu alındığını, necə qiymətləndiriləcəyini isə bizdən çox kinoşünaslar və kinotənqidçilər akademik bilik səviyyəsində izah edə bilərlər. Əsas istəyimiz də məhz bu idi.

“Pelikan Film” şirkəti olaraq gələcəklə bağlı layihələr haqqında düşünürük, komanda olaraq bir neçə ssenari üzərində çalışırıq. Necə ki, “Spinozanın Tanrısı” filmində əsas diqqətimizi kinematoqrafiyaya yönəltmişdik, yeni filmimizdə də bu fikirləri ön planda tutmağa çalışırıq”.

Geri qayıt