Əsas Səhifə > Güney Press > Əfv ömürlük məhbuslara da şamil olunacaq?

Əfv ömürlük məhbuslara da şamil olunacaq?


Dünən, 19:10
Əfv ömürlük məhbuslara da şamil olunacaq?
Əsasən bayramlar ərəfəsində vətəndaşlar növbəti əfv sərəncamı və amnistiyanı səbirsizliklə gözləyirlər.

Novruz bayramına hələ bir neçə həftə qalıb və yayılan məlumata əsasən, bu bayram ərəfəsində növbəti əfv sərəncamı gözlənilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına artıq müraciətlər daxil olur və iclaslar keçirilir. Bununla yanaşı, ömürlük həbs olunan bir qrup məhbusun ailəsi tərəfindən ölkə başçısına müraciət ünvanlanıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əlməmməd Nuriyev “Cebheinfo.az”a bildirib ki, əfv sərəncamının nə zaman verilməsi ilə bağlı məlumata malik deyil:

“Ancaq hazırda Əfv Məsələləri Komissiyasının iclasları davam edir. Artıq iki iclas keçirilib. Bu həftə növbəti iclas gözlənilir. Yüzlərlə müraciət daxil olur və hər bir müraciət hərtərəfli araşdırılır, müvafiq rəylərin hazırlanması barədə qərarlar olduqca, bu qərarlar cənab Prezidentə təqdim olunacaq. Sonda cənab Prezident tərəfindən qərar qəbul olunacaq. Azərbaycan Republikası Konstitusiyasına görə, əfv hüququ cənab Prezidentə məxsusdur.

Konkret say demək çətindir, müraciətlər yüzlərlədir. Müraciətlərə baxdıqda, həmin şəxsin məşhur, yaxud qeyri-məşhur olmasına fərq qoyulmur. Konstitusiya hamının qanun qarşısında bərabərlik prinsipindən çıxış edir və müvafiq rəylər hazırlanıb təqdim olunur". O bildirib ki, hər bir iş fərdidir:

"Onların etdiyi əməllər də fərqlidir. Ancaq ümumi yanaşma, kriteriyalar var. Burada hər hansı ayrı-seçkilik qoyula bilməz ki, biri məşhur, digəri qeyri-məşhurdur”.

Ömürlik həbs olunanların ailələrinin müraciətinə gəldikdə isə Ə. Nuriyev qeyd edib ki, cənab Prezidentə əfv üçün hər kəsin müraciəti müvafiq prosedurlara uyğun olaraq göndəribsə, onlar artıq komissiyaya daxil olur:

“Mən deyə bilmərəm ki, konkret kimlər müraciət edir. Bunlar hamısı xüsusi informasiyadır və bu informasiyanı yaymaq yolverilməzdir”.

Geri qayıt