Əsas Səhifə > Güney Press > Naxçıvan: Konstitusiyaya dəyişikliklər ictimaiyyətə nə vaxt açıqlanacaq?

Naxçıvan: Konstitusiyaya dəyişikliklər ictimaiyyətə nə vaxt açıqlanacaq?


Bu gün, 12:33
Naxçıvan: Konstitusiyaya dəyişikliklər ictimaiyyətə nə vaxt açıqlanacaq?
Xəbər verdiyimiz kimi, fevralın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun layihəsi müzakirə olunub. İclasa sədrlik edən Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov bildirib ki, muxtar respublikada həyata keçirilən struktur islahatları, səlahiyyətli nümayəndəlik institutunun yaradılması, yeni idarəçilik qaydalarının tətbiqi, dövlət orqanlarının yenidən formalaşdırılması və qanunvericilik sisteminin təkmilləşdirilməsi kimi tədbirlər Naxçıvan Muxtar Respublikası Konstitusiyasında da dəyişikliklərin olunmasını zəruri edib. Məlumata görə, hazırlanmış qanun layihəsi qeyd olunanları əhatə etməklə muxtar respublikada yeni idarəetmə modelinin tətbiqini nəzərdə tutur. Ali Məclisin 20 fevral iclasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” qanun səsə qoyularaq qəbul olunub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasına əsasən, Naxçıvan Konstitusiyasına dəyişikliklər və əlavələr Ali Məclisdə iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 3 ay sonra keçirilir. Konstitusiyaya dəyişikliklər Ali Məclisdə qəbul edildikdən sonra təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilir.

Bəs, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında nə dəyişir? 20 fevral iclasında qəbul edilmiş qanun hansı yenilikləri nəzərdə tutur? Bəlli olduğu kimi, 2022-ci ilin dekabrında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olunub. Hazırkı dəyişikliyi zəruri edən əsas səbəb budurmu? Ali Məclisin və onun sədrinin səlahiyyətləri Prezidentin səlahiyyətli nümayəndəliyinə və nümayəndəsinə ötürülürmü? Konstitusiya dəyişəndən sonra muxtar respublikada, məsələn, vəzifəli şəxslərin təyinatı məsələsini yenə də Ali Məclisin sədri (və ya onun səlahiyyətlərini icra edən şəxs) həyata keçirə biləcəkmi?

Medianews.az saytı bu suallara aydınlıq gətirmək üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Hüquq siyasəti komitəsinin sədri Əjdər Əliyevə müraciət edib.

Əjdər Əliyev saytın sorğusuna belə cavab verib: “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər Naxçıvan Muxtar Respublikasının Qanunu kimi qəbul olunsa da, bu, Konstitusiyasının 50-ci maddəsinin II hissəsinə əsasən müvafiq qanun təklifi statusundadır. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər barədə təklif birinci və ikinci səsvermələrdən sonra Azərbaycan Respublikası Milli Məclisi tərəfindən konstitusiya qanunu ilə təsdiq edildikdə qüvvəyə minəcəkdir. Ona görə də sonrakı mərhələlərdə ictimaiyyətə geniş məlumat verilməsi nəzərdə tutulur”.

Geri qayıt