Əsas Səhifə > Güney Press, Partiya > Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur

Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur


Bu gün, 09:54
Deputat Razi Nurullayevin dünyadan xəbəri yoxdur
“Boşanmaların artmasına səbəb qadınlardır”, “Qadınlar evliliyi biznes layihəsi kimi görür” yanaşmalarına tez- tez rast gəlirik. Sadə vətəndaşlar deyil, hüquqşünaslar, millət vəkilləri, hətta sosioloqlar belə boşanmaların günahını qadınların boynuna yazır.
İndiyə kimi sosial şəbəkələr, media müstəvisində aparılan bu müzakirələr indi də Parlament səviyyəsində dilə gətirilib.
Deputat Razi Nurullayev Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında iddia edib ki, boşanmaların artmasının səbəbi daha çox qadınların sərbəst qalmaq istəyi və aliment almaq imkanlarının olmasıdır.
Millət vəkili hesab edir ki, boşanmaq üçün qadınlara stimul verən faktor da alimentdir: “Mənə olan 10 müraciətdən 8-də deyirlər ki, qadınların ailəni qoruyub saxlamaq imkanı olsa da, iki ayağını bir başmağa dirəyir ki, boşanıram. Bir neçə il bundan qabaq bu məsələdə hər zaman birmənalı olaraq qadınların tərəfini saxlamışam. Amma son zamanlar görürəm ki, məsələ tendensiyasını dəyişib. Aliment Fondu lazımdır, çünki aliment verə bilməyən kişilər var. Amma eyni zamanda Aliment Fondu elə formada yaradılmalıdır ki, bu, boşanmaların artmasına gətirib çıxarmasın”.
Doğrudanmı, boşanmalara səbəb olan əsas amil qadınların “evliliyi biznes layihəsi” kimi görməsi, süni səbəblərdən ailələrini dağıtması sərbəst "gəzmək" istəyidir?

Sözügedən tədbirdə iştirak etdiyini vurğulayan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az”a açıqlamasında deyib ki, səsləndirilən fikirlərin absurd olduğunu elə həmin iclasda iştirak edən insanlar öz baxışları, mimikaları ilə hiss etdirdilər: “Ailənin dağılmasının bütün məsuliyyətini qadınların üzərinə atmaq və bunu da onların aliment alıb sərbəst yamaşaq istəkləri ilə əlaqələndirmək gülünc və real faktlara əsaslanmayan bir təxəyyülün məhsuludur. Boşanma statistikaları, məhkəmə təcrübələri göstərir ki, ailələrin dağılmasında kişilərin də rolu qadınlardan heç də az deyil. Ona görə də, bir-iki qulaqdan eşitmə hadisə üzərindən bu müzakirələrin gündəmə gətirilməsinin tərəfdarı deyiləm. Bu deyilənlər ölkə ictimaiyyətinin yox, sadəcə, bir şəxsin yanaşmasıdır və qətiyyən haqlı olduğunu düşünmürəm.
Aliment Fondunun yaradılmasının saxta boşanmalara səbəb olması ilə bağlı proqnozları da məntiqli hesab etmirəm. Aliment Fondunun yaradılması dövlət siyasətinin humanist istiqamətinin bir qoluna çevrilə, yüzlərlə, minlərlə boşanmış qadına çarə ola bilər.
Çox sayda insan alimentin ödənilməsindən yayınır. Ana ilə uşaqları ac-susuz, kiməsə möhtac qalır. Bu cür ailələrdəki uşaqların sağlam böyüməsində, onların inkişaf etməsində çox böyük problemlər yaranır. Konstitusiyaya görə, dövlət də uşaqların qayğısına qalmalıdır. Bu baxımdan Aliment Fondunun yaradılması bu insanların problemlərinin qismən də olsa həllində mühüm rol oynayar”.

Boşanma statistikasının 50 faizə yaxınlaşdığını vurğulayan Ç.Qənizadə qeyd edib ki, səbəblər müxtəlifdir. Bu məsələnin sadəcə parlamentdə müzakirəsi ilə həllinə nail olmaq mümkün deyil. Boşanmaların səbəbini araşdırmaq, problemin kökünü tapıb aradan qaldırmaq lazımdır. Dövlət orqanları bu məsələ ilə bağlı müvafiq addımlar atmalıdır. Evlənən cütlüklərin 50 faizinin boşanması artıq həyəcan siqnalı deməkdir:

“Görünür, müasir gənclər, həm kişilər, həm də qadınlar ailə dəyərlərini qoruyub saxlamaq istiqamətində üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmirlər. Biz boşanma statistikasını yox, boşanmaya qədər ailələrdə yaşanan problemləri təhlil etməli, boşanmaya səbəb olan motivləri aradan qaldırmalıyıq. Ailələrin dağılmasının əsas səbəblərindən biri sosial problemlərdir. İqtisadi çətinlik, evsizlikdən əziyyət çəkən ailələrdə gərginlik yaşanır. Qadınlar ərdən daha yaxşı həyat şəraiti tələb edir və kişi bu tələbləri qarşılaya bilməyəndə münasibətlər pisləşir. Zənnimcə, son illər ailələrin dağılmasının səbəblərindən biri kimi sosial şəbəkələrdir. Qadınlar da, kişilər də müxtəlif platformalardakı paylaşımların təsiri altına düşüb ailədən uzaqlaşırlar. Eyni zamanda sosial- iqtisadi problemlər, evsizlik, işsizlik kimi faktorlar da ailələrin dağılmasına gətirib çıxarır. Bu məsələdən ən çox təsirlənən, travma alan uşaqlardır. Proses bu templə davam edərsə, cəmiyyətimizdə natamam ailələrin sayı çoxalacaq. Valideynsiz böyüyən uşaqların yaşadığı stress onların gələcək həyatına mənfi təsir edir”.

Geri qayıt