Əsas Səhifə > Güney Press > Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi

Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi


Dünən, 17:33
Paşinyan Bakıdan “göndərilmiş” tələbi belə gizlətdi
Ermənistanın ədliyyə naziri Srbui Qalyan deyib ki, yeni Konstitusiya üzərində iş gedir və proses 2026-cı il seçkilərinə qədər tamamlanmalıdır. Sənəd insan hüquqlarını, sosial-iqtisadi hüquqları, idarəçilik qaydalarını və dövlət orqanlarının rolunu tənzimləyəcək. Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) ilə yaxınlaşma çərçivəsində artıq 30-dan çox qanun layihəsi uyğunlaşdırılıb və proses davam edəcək.

Srbui Qalyan açıqlamasında iki məqam diqqət çəkir:

1.Ermənistan Konstitusiyası üzərində iş gedir (yenilənir);

2.2026-cı ilə qədər tamamlanmalıdır.

Ermənistan konstitusiyası və müstəqillik bəyannaməsində Azərbaycan və ətraf ölkələrə ərazi iddiasını əks etdirən bəndlərin dəyişdirilməsi Bakının tələbləri arasındadır. Azərbaycan İrəvanın gələcəkdə sülhdən yayınmaq ya da işğal cəhdini daxili hüquqla leqallaşdırılmasının qarşısını almaq üçün bu tələbi irəli sürüb. Ermənistan tərəfi əvvəllər bundan yayınmaq istəsə də, görünür, Bakının tələbini yerinə yetirməli olduğunu başa düşüb.

Lakin S.Qalyanın dediyindən bu qənaətə gəlmək olur ki, guya İrəvan prosesi Bakının diktəsi ilə deyil, öz istəyi ilə həyata keçirir. Misal üçün yeni sənəddə insan hüquqlarını, sosial-iqtisadi hüquqları, idarəçilik qaydalarını və dövlət orqanlarının rolunun tənzimlənib Aİ ilə yaxınlaşma çərçivəsində 30-dan çox qanun layihəsinin uyğunlaşdırıldığı deyilir. Yəni bunu Ermənistan konstitusiyasını Aİ-yə inteqrasiya və daxili hüquqi boşluqların tənzimlənməsi kimi təqdim edir. Bakının tələblərindən isə söhbət getmir.

Aydın məsələdir ki, yeni konstitusiyada ətraf ölkələrə ərazi iddiasını ehtiva edən bəndlər də çıxarılacaq. Paşinyan və komandası bunu açıq şəkildə deyib, müxalifətin narazılığına tuş gəlməmək istəmir. Buna görə də məsələni yuxarıdakı tərzdə kamuflyaj edir.

Prinsipcə prosesin hansı adda aparılması Bakı üçün önəmli deyil. Bizim üçün vacib olan həqiqətən də tələblərin yerinə yetirilməsidir. İrəvan bunu edəcəksə bu, sülhün davamlılığı baxımından mühüm hadisə ola bilər.

Turan Rzayev
Globalinfo.az

Geri qayıt