Əsas Səhifə > Güney Press > Zelenski "gizli kartları" niyə açdı?

Zelenski "gizli kartları" niyə açdı?


Bu gün, 15:14
Zelenski "gizli kartları" niyə açdı?
Ukrayna prezidenti Volodimir Zelenski müharibə, beynəlxalq əlaqələr və Kiyevin hərbi strategiyası ilə bağlı bir sıra mühüm açıqlamalar verib. Onun sözlərinə görə, ABŞ və Rusiya müharibə boyu gizli danışıqlar aparıb. Zelenski bildirib ki, Vaşinqton və Moskva müharibə ərzində daim danışıqlar aparıb, lakin bu proses ictimaiyyətə açıqlanmayıb. Bu bəyanat Qərbin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir və böyük rezonans doğura bilər.

Zelenskinin açıqlamasından o da bəlli olur ki, Ukrayna ABŞ-la tərəfdaşlığı qorumağa çalışır. Zelenski ABŞ-ın keçmiş və indiki administrasiyaları ilə münasibətlərə toxunaraq qeyd edib ki, prezidentlər ölkələrarası strateji tərəfdaşlığı itirməməlidirlər.

Ukrayna prezidenti həmçinin bildirib ki, ölkəsi "Patriot”ların analoqunu hazırlayır. Kiyev Patriot hava hücumundan müdafiə sistemlərinin analoqlarını hazırlamaq üzərində işləyir. O əlavə edib ki, iyul ayında elan edilən "Patriot" sistemlərinin hamısı hələ də Ukraynaya təhvil verilməyib. Bu isə Ukraynanın hava hücumlarından müdafiəsinin tam təmin olunmadığını göstərir.

Zelenski bəyan edib ki, Ukrayna və Türkiyə Avropada ən güclü və böyük orduya malik olan iki ölkədir. Zelenski Ukraynanı dəstəklədikləri üçün ABŞ Senatına, Konqresinə və Amerika xalqına təşəkkür edib. Bu isə ABŞ-Ukrayna münasibətlərinin güclənməsinə yönəlmiş mesaj kimi qiymətləndirilir.
Zelenskinin son açıqlamaları Qərb-Rusiya münasibətlərində gizli proseslərin mövcud olduğunu, Ukraynanın müdafiə sistemində daxili resurslarını gücləndirdiyini və ABŞ-la tərəfdaşlığı qorumağa çalışdığını göstərir.

Qeyd edək ki, ABŞ-la Rusiya arasında hələ Baydenin dövründə Ukraynada müharibə gedə-gedə gizli danışıqların olduğu barədə informasiyalar gedirdi. Belə yanaşmalar hər zaman olub və indi də var. Lakin bu danışıqlarda konkret nələrin müzakirə edildiyi barədə hər hansı real məlumat yoxdur. Zelenskinin özü də gizli danışıqların olduğunu bildirsə də, orada nələr barədə danışıldığından bir kəlmə belə açıqlama vermir. Ona görə də Zelenskinin bu bəyanatı aydın məsələdir ki, hər hansı bir geniş rezonans doğurmayacaq. Ukraynanın müdafiə sisteminə gəldikdə, sözsüz ki, müharibə ölkənin hərbi qüdrətinin güclənməsinə təkan verib. Ukrayna ilk dövrlərdə lazım olan müasir silahları xaricdən almağa məcbur idi. Hazırda isə Kiyev özünə lazım olan vacib silahların mühüm komponentini ölkə daxilində istehsal etmək gücündədir. Məhz bunun nəticəsidir ki, Ukrayna hərbi potensialına görə Avropa liderləri sırasında yer almağa başlayıb.

Aydın məsələdir ki, müharibədən sonra da Ukrayna öz hərbi potensialını Qərbin, xüsusən də Avropanın dəstəyilə daha da gücləndirəcək. Ukrayna daxili resursları hesabına hərbi potensialını daha da artırmağa qadir az-az ölkələrdən biridir. Deməli, Rusiya hətta özünə aid olmayan ərazilərin bir hissəsini işğal etsə də belə, gələcəkdə də öz sərhədləri yaxınlığında hərbi müstəvidə indikindən daha güclü Ukrayna ordusu üz-üzə qalmalı olacaq.

Bu açıqlama Ukraynanın Avropada əsas hərbi qüvvəyə çevrildiyini vurğulamaq və NATO ölkələrinin Kiyevə daha çox dəstək verməsini stimullaşdırmaq məqsədi daşıya bilər-ən azından lazım olan silahların ölkə daxilində istehsalına yardım etmələri baxımından. Zelenskinin açıqlaması həm də ölkəsinin ABŞ-la tərəfdaşlığı qorumağa çalışdığının göstəricisidir. Son günlər Trampın açıqlaması, ardınca Zelenskinin ona cavabı müəyyən gərgin atmosfer formalaşdırsa da, aydın məsələdir ki, Kiyevin dünya nəhəngi ABŞ-a böyük ehtiyacı var. Ona görə də sonradan Zelenski, hətta ABŞ tərəfinin özü də ritorikalarını bir qədər yumşaltdılar. Başlıcası isə bu açıqlamanı Donald Trampın ABŞ-Ukrayna münasibətlərində yeni yanaşma tətbiq edəcəyi ilə bağlı ehtimallara işarə kimi də dəyərləndirmək olar. Belə ki, Tramp Ukraynaya münasibətdə Bayden adminstrasiyasının yürütdüyü siyasəti aparmır. Tam əksinə, Tramp çalışır ki, vediyi hər hansı bir əşyanın əvəzində Ukraynadan daha böyük həcmdə nələrisə qoparsın. Bu fonda Zelenskinin Vaşinqtonla tərəfdaşlığı qorumağa çalışdığı barədə səsləndirdiyi bəyanat ümumən Kiyevin Trampın istəklərinə müsbət cavab verəcəyinə işarə kimi də dəyərləndirilə bilər.
Rüfət Sultan - qaynarinfo-az

Geri qayıt