Əsas Səhifə > Güney Press > Paşinyan Münhen Konfransında sadəcə boy göstərə bilərdi...

Paşinyan Münhen Konfransında sadəcə boy göstərə bilərdi...


19-02-2025, 14:00
Paşinyan Münhen Konfransında sadəcə boy göstərə bilərdi...
Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyadakı səfir Viktor Yengibaryanı geri çağıra bilər. Buna səbəb kimi Münhendə təşkil olunan görüşdə diaspor nümayəndələrinin demək olar ki, iştirak etməməsi göstərilir. Baş nazir Viktor Yengibaryanın görüşü düzgün təşkil edə bilməməsindən son dərəcə narazı qalıb. Nəşr qeyd edir ki, əgər Paşinyanın ABŞ-də erməni icması ilə görüşü sadəcə uğursuz olubsa, Münhendə bu, “biabırçı” vəziyyətlə yadda qalıb.

Qəzet Ermənistan-Almaniya Mərkəzi Şurasının rəhbəri Conatan Şpanqenberqin iclasda ÜAK yeparxiyasının, 16 kilsə ittifaqının, Erməni-Alman Şurasının və digər iri icma təşkilatlarının nümayəndələrinin iştirak etmədiyi barədə bəyanatına əsaslanır. Üstəlik, Münhen Erməni İttifaqının yeni seçilmiş rəhbərliyinin bir nümayəndəsi istisna olmaqla, qonaqlar arasında az-çox tanınmış heç kim görünməyib. Nikol Paşinyan mövcud vəziyyətdən son dərəcə narazı qalıb və səfiri görüşü lazımi səviyyədə təşkil edə bilmədiyinə görə kəskin tənqid atəşinə tutub. Ermənistan Xarici İşlər Nazirliyindəki mənbə “Past” qəzetinə bildirib ki, Yengibaryanın geri çağırılması məsələsinə həqiqətən də baxılır. Xatırladaq ki, fevralın 14-dən 16-dək Nikol Paşinyan Almaniyada olub və orada Münhen Təhlükəsizlik Konfransında iştirak edib.

Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Ermənistan bir siyasi fiqur kimi artıq "cazibədarlığını" itirib. Ekspertin sözlərinə görə, vaxtilə Azərbaycan ərazilərini işğal etdiyi dövrlərdə Ermənistan regionda gərginlik mənbəyi kimi istər Avropanın, istərsə də Qərbin müəyyən dairələrinin əlində alət kimi istifadə məqsədi ilə onlar tərəfindən dəstəklənirdi:

"Azərbaycan Ermənistanın bütün "cazibədarlığını" əlindən aldı. Odur ki, Avropanın Ermənistana dəstək verən dairələri bu fəaliyyətin artıq əbəs olduğu qənaətini özlərinə hasil ediblər. Ermənistana verilən simvolik və ritorik dəstəyin isə heç nəyi dəyişdirmək gücündə olmadığı bütün dairələrə, hətta Ermənistanın özünə belə bəllidir. Odur ki, Paşinyan Ermənistanın yeni dövrə qədəm qoymasının mütləqliyindən danışır. "Soyqırım", "tarixi torpaqlar" anlayışının yanlış olduğunu dəfələrlə vurğulayır. Çünki bunun Ermənistanın gələcəyi və qonşularla münasibəti üçün təhlükə hesab edir".

Siyasi şərhçi vurğulayıb ki, Paşinyanın Münhen Konfransından yararlanması mümkün deyildi:

"Avropa ölkələri və ABŞ-nin daha vacib məsələləri var. Avropa öz təhlükəsizliyinin hayındadır. Avropa liderləri ABŞ tərəfindən aşağılanırlar. Onların özləri demokratiyanın boğulması ittihamı ilə üzləşirlər. Bu durumda heç bir Avropa liderinin Paşinyana hansısa vəd verəcək halı yox idi. Paşinyan Münhen Konfransında sadəcə boy göstərə bilərdi, bunu da etdi. Əgər hazırda Ermənistan bir dövlət kimi və onun lideri Paşinyan bir siyasi fiqur kimi dünya dövlətlərinin tədbirində və liderlərinin yanında görünə bilirsə, bu, Ermənistan üçün kifayətdir. Azərbaycan dövlətinin və Liderinin olduğu yerdə Ermənistan bundan artığına iddia edə bilməz".

Geri qayıt