Əsas Səhifə > Güney Press > Oğuzun Calud kəndinin yararsız yolu

Oğuzun Calud kəndinin yararsız yolu


18-02-2025, 16:13
Oğuzun Calud kəndinin yararsız yolu
Oğuz rayonunun Calud kəndinin yolu uzun müddətdir təmir edilmədiyindən yararsız vəziyyətə düşüb.

Bu barədə "Report"un Şimal-qərb bürosuna kənd sakinləri məlumat veriblər.

Bildirilib ki, Calud rayon mərkəzindən cəmi 4 kilometr məsafədə yerləşsə də, kənd yoluna sonuncu dəfə ötən əsrin 90-cı illərində asfalt salınıb. 2 min 300 nəfərdən artıq əhalinin yaşadığı kəndin sakinləri yolun nə vaxt təmir olunacağına dair suala cavab ala bilmirlər.

Kənd sakini Vilayət Həsənov "Report"un yerli bürosuna bildirib ki, 1989-cu ildən məskunlaşdığı kəndin yolunda əsaslı təmir işləri aparılmayıb:

“Yağış yağanda gah traktor salırlar, gah da yamaq vururlar, ancaq sel yenə də yolu yuyub aparır. Yolun vəziyyəti ildən-ilə pisləşir, sürücülər maşınlarını həftədə bir dəfə təmirə aparmaq məcburiyyətində qalıb. 2020-ci ildən bu günə qədər dəfələrlə vəd verilsə də, yol indiyədək abadlaşdırılmayıb”.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli "Report"un yerli bürosuna açıqlamasında deyib ki, Oğuz rayonunun Mollalı-Dəymədərə-Yemişənli-Qarabaldır-Calud-Malıx avtomobil yolunun yenidən qurulması regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində nəzərdə tutulub:

“Altı yaşayış məntəqəsini əhatə edən həmin yolun uzunluğu 32 kilometrdir. Yolun yenidən qurulması ilə bağlı maliyyə vəsaitinin ayrılması gözlənilir. Vəsait ayrılan kimi avtomobil yolu agentliyimiz tərəfindən əsaslı şəkildə yenidən qurulacaq.

Geri qayıt