Əsas Səhifə > Güney Press > Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq?
Güney Azərbaycanda yenidən etiraz aksiyaları başlayacaq?15-02-2025, 18:07 |
![]() “Ötən əsrin 90-cı və 2000-ci illərin əvvəllərində Güney Azərbaycanda güclü xalq hərəkat vardı". Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli "Cebheinfo.az"-a açıqlamasında deyib. O xatırladıb ki, Bəzz qalası yürüşlərində yüz minlərlə insan iştirak edirdi: "Həmin hərəkatın kulminasiya nöqtəsi 2006-cı ilin mayında baş vermiş “milli qiyam” oldu. Təəssüf ki, həmin tempi qoruyub saxlaya bilmədik". Onun sözlərinə görə, İranın Yaxın Şərqdəki məğlubiyyəti Güney Azərbaycan Milli Oyanış Hərəkatını gücləndirən faktora çevrilə bilər: "İran may qiyamından dərs çıxardı. Şiə ideologiyasını həm güneydə, həm quzeydə gücləndirdi. İraqda, Suriya, Livanda “qalalar” qurdu, şiə ayparası yaratdı. Lakin ötən il İranın siyasəti iflasa uğradı. İsrail Yaxın Şərqdə, Türkiyə isə Suriyada İrana üstün gəldi. Quzey Azərbaycanda da İranın təxribat yuvalarına ciddi zərbələr vurulub. Hazırda bölgədə İranın dəstəklədiyi dini ideologiya enişdə, türk islam xətti yüksəlişdədir. Biz də bu xəttə dəstək verməliyik. Bu xətti Türkiyə ilə birgə aparmalıyıq". Həmsöhbətimiz qeyd edib ki, Güney Azərbaycanın qurtuluşu İranın türk islam dünyası üçün zərərli hakim ideologiyasının məhv edilməsindədir: "Tarixi təcrübə göstərir ki, bu ideologiya tam məhv olmayacaq, amma biz onu İranın içərilərinə - fars əyalətlərinə qədər sıxışdırmalıyıq. Təbrizli, ərdəbilli, həmədanlı gənc bizim kimi düşünməsə, türk islam dünyasına bizim kimi yanaşmasa, Qum mollalarının təsirindən çıxmasa, Güney Azərbaycanın qurtuluşu çətin olacaq. Biz milli ideologiyanı türk düşüncəsini Güneydə yaymalıyıq. Bunun üçün bütün resurslar səfərbər edilməlidir”. Elman Cəfərli bildirib ki, İrana siyasi təsir mümkün olmadığından mədəni əlaqələri inkişaf etdirməli, Arazın o tayında Azərbaycan dilini, mədəniyyətini təbliğ edən insanları tapıb üzə çıxarmalı, tanıtdırmalı və Bakıya dəvət etməliyik: "Son vaxtlar güneyli şairlər, aşıqlar Bakıya dəvət edilir və onların konsert proqramları təşkil edilir. Bu, yaxşı haldır. Güneyli şairləri və yazıçıları da bu tayda tanıtdırmalıyıq. Çünki onlar Azərbaycan dilinin könüllü emissarlar və milli mədəniyyətimizin fədailəridir". Geri qayıt |