Əsas Səhifə > Güney Press > Trampın Putinə sürpriz hədiyyəsi

Trampın Putinə sürpriz hədiyyəsi


Dünən, 17:50
Trampın Putinə sürpriz hədiyyəsi
Tramp və Putin görüşünün Ukraynanı məğlubedici sülhə məcbur etməsi dünya iqtisadiyyatında və ayrı-ayrı ölkələrin iqtisadiyyatında hansı ciddi nəticələr doğura bilər?

Bu barədə Musavat.com-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib:

"İlk təsir neft və qaz bazarına olacaqdır.

Razılaşma müharibənin bitməsinə gətirib çıxaracağı halda, enerji bazarında gərginlik azalacaq neft və qaz qiymətləri düşməyə başlayacaq. Bunun əsas səbəbi Rusiya-Qərb arasındakı sanksiyaların yumşaldılmasına görə Moskvanın neft və qaz ixracını artırması olacaq. Enerji qiymətlərinin enməsi bütün enerji ixracatçıları kimi Azərbaycanın da neft-qaz ixracı gəlirlərinə mənfi təsir göstərəcək.

Amma burada bir məsələ var ki, hazırda Avropa ABŞ-dan bahalı LNG idxal edir. Rusiya ilə Qərb arasında münasibətlər istiləşərsə, Avropa ölkələri məcbur olduqları yüksək qiymətli LNG idxalını azaldaraq, Rusiya qazına qayıda bilər. Bu zaman ABŞ-ın Avropaya qaz satış azalacaq. Bu məqamın sualı budur ki, ABŞ bunu qəbul edəcəkmi? Ya bu itkinin nə ilə kompensasiya edilməsi nəzərdə tutulur? Əsas məqam ABŞ-ın Çinlə qarşıdurmaya fokuslanması olacaq. ABŞ-ın Rusiyadan diqqətini ayırıb, Çinə yönəltməsi Asiya bazarlarında qeyri-müəyyənlik yaradacaq. Çinə tətbiq edilən tariflər güclənərsə, ticarət müharibəsi qızışacaq və qlobal tədarük zəncirləri pozula bilər. Bu həm də ABŞ-ın qlobal rolunun dəyişməsi deməkdir. Bu dəyişiklik investorların etibarına təsir göstərə bilər".

Ekspert qeyd edir ki, Rusiya ilə sülh ABŞ iqtisadiyyatına sabitlik gətirsə də, Avropa üçün təhdidləri gücləndirəcək:

"Avropa ölkələri ABŞ-ın təhlükəsizlik zəmanətlərindən məhrum olduqlarını hiss edib öz hərbi xərclərini artırmağa məcbur qalacaq. Bu isə xərclərin artmasına və iqtisadi tənəzzül riskino yüksəldəcəkdir.

ABŞ indi ehtimal edilənaddımları atarsa, ən acınaqlı halı Ukrayna yaşayacaq. Çünki, Ukrayna ərazi güzəştlərinə gedərsə, beynəlxalq investisiyalar ölkədən çıxacaq, iqtisadiyyat iflic olacaq. Müharibədən sonra infrastrukturun bərpası üçün beynəlxalq maliyyə yardımları zəifləyəcək. Bəlkə də daha pis.

MDB məkannda güc balanslarında daşlar yenidən oynaya bilər. Rusiya bölgədə daha dominant güc kimi çıxış edəcək. Bu isə digər respublikaların manevr imkanlarını məhdudlaşacaq.

ABŞ Rusiya ilə anlaşdıqdan sonra əsas diqqətini Çinə yönəldəcək. Bu, Çinin iqtisadi və hərbi cəhətdən sıxışdırılmasını daha da gücləndirəcək. Çinin ixracatına qarşı ABŞ və müttəfiqlərinin koordinasiyalı təzyiqi artacaq. Amerikanın Çinə qarşı apardığı strategiya Yaponiya, Cənubi Koreya, Hindistan və Avstraliya kimi müttəfiqlərin hərbi və iqtisadi cəhətdən gücləndirilməsini nəzərdə tutacaq. Xüsusilə Hindistan alternativ istehsal bazası kimi inkişaf etdiriləcək.

Eyn zamanda Çini zəiflətmək üçün Tayvana silah satışını və hərbi dəstəyini gücləndirəcək. Bu isə Çin üçün əlavə risklər yaradacaq. Bundan sonra Çin texnologiya şirkətləri üzərində yeni sanksiyalar tətbiq edilə bilər. Bu zaman Çin yarımkeçiricilər və yüksək texnologiyalar sahəsində çətinliklərlə üzləşə bilər.

Beləliklə, Tramp və Putin arasındakı sülh Ukraynanı məğlubedici razılaşmaya məcbur edərsə, bu arzuediləməz dəyişikliklərə səbəb ola bilər.
Bəs ABŞ bu riskə gedərmi? ABŞ-ın bu cür bir riski qəbul edib-etməyəcəyi sual altındadır. Çünki bu, yalnız Avropa və Ukrayna üçün deyil, həm də Asiya bazarları, qlobal tədarük zəncirləri və ABŞ-ın özünün iqtisadi və hərbi gücü üçün ciddi təsirlər yaradacaqdır. Buna görə də mən Trampın bu manevrlərinin dərinliyində da daha ciddi və sirr kimi saxlanılan bir strategiyanın durduğunu düşünürəm. O heç bir halda bu gün danışılanlar kimi, Ukrayna torpaqlarını Rusiyaya hədiyyə edib, onu rahat buraxa bilməz. Əks halda, bütün şərq yarım kürəsi üçün çətin günlər olacaq".

Geri qayıt