Əsas Səhifə > Güney Press > Makron Paşinyanın qulağını da, cibini də doldurur

Makron Paşinyanın qulağını da, cibini də doldurur


Bu gün, 14:00
Makron Paşinyanın qulağını da, cibini də doldurur
Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-yə beş günlük səfərinin ardından Fransaya səfər edib. Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makron ilə görüşən Paşinyan arasında Ermənistan-Azərbaycan danışıqlar prosesi və iki ölkə arasında münasibətlər müzakirə edilib. Paşinyanın mətbuat xidmətinin yaydığı məlumata görə, Ermənistan tərəfi sülh prosesinə və regionda nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına sadiq olduğunu bir daha vurğulayıb.
Görüş zamanı, həmçinin, Ermənistan və Fransa arasında enerji, infrastruktur, təhsil və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Milli Cəbhə Partiyasının başqan müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az"a açıqlamasında deyib ki, Fransa Senatında Azərbaycana qarşı “erməni xalqı və onun Qarabağa qayıtmaq hüququ” adlı konfrans keçirilib:

“Nikol Paşinyanın Fransaya səfəri çərçivəsində belə bir konfransın keçirilməsi təsadüfi deyil. Ermənistan baş naziri rəsmən Qarabağı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını dəfələrlə qeyd edib. Ötən gün yazdığı məqalədə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha vurğulayıb. Amma Fransada olduğu bir vaxtda senatda belə bir konfransın keçirilməsi birbaşa siyasi təxribatdır. N.Paşinyan Qarabağla bağlı istənilən konfransın sülh prosesinə zərbə vurduğunu deyə bilərdi. Həmçinin Senatda bu konfransın təxirə salınmasına nail ola bilərdi. Ermənistan baş naziri Fransanın sülhü pozma missiyasına etiraz etmir, ya da etiraz etmək istəmir. N.Paşinyanın belə bir konfransın Azərbaycan tərəfindən sərt şəkildə qəbul ediləcəyini gözəl başa düşür. Görünür, özü də bu tədbiri təzyiq aləti kimi istifadə etməyi planlaşdırır.
Ermənistan baş naziri deyir ki, Konustitusiyanı dəyişmədən sülh müqaviləsinə imza ataq. Sülh müqaviləsi imzalanarsa, Ermənistan qanunvericiliyində Qarabağla bağlı müddəalar qalmaqda olacaq. Bununla da, beynəlxalq müstəvidə belə tədbirlər keçiriləcək.
Göründüyü kimi, Azərbaycan Ermənistan konstitusiyasının və qanunvericilik aktlarının Qarabağla bağlı bəndlərinin dəyişməsini istəməsində haqlıdır. Fransa Senatında Qarabağla bağlı konfransın keçirilməsində birbaşa N.Paşinyanın rolu var”.

Politoloq həmçinin qeyd edib ki, Ermənistan iqtidarı Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı görünmür və ciddi-cəhdlə silahlanmağa üstünlük verir. Ermənistanın silahlanmasına ciddi dəstək verən Fransa isə Cənubi Qafqazda yeni hərbi əməliyyatların başladılması üçün ciddi hazırlıqlar görür.

Geri qayıt