Əsas Səhifə > Güney Press > Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür
Dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökürBu gün, 12:21 |
ABŞ-nin hazırkı administrasiyasında idarəetmənin səmərələşdirilməsinə cavabdehlik daşıyan məşhur iş adamı İlon Maskın dövlət tərəfindən maliyyələşdirilən media qurumlarının fəaliyyətini dayandırmağa çağırış etməsi, həqiqətən də, inqilabi hadisədir. "Amerikanın səsi” və “Azadlıq radiosu”nun qərəzli olduğunu bildirən ABŞ-nin keçmiş Milli Kəşfiyyat direktoru Rik Qrenellin ardınca İlon Maskın da “Azadlıq radiosu" və “Amerikanın səsi” radiostansiyalarını bağlamağa çağırış etməsi çox güman ki, tezliklə bu iki məşhur media qurumunun ABŞ dövlətinin maliyyə dəstəyindən və siyasi himayəçiliyindən məhrum olunması ilə nəticələnəcək. Bundan əvvəl isə İlon Mask “Politico”, “The New York Times” və “Associated Press” nəşrlərinin daha ABŞ hökuməti tərəfindən maliyyələşdirilməyəcəyini açıqlamışdı. Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, istər "Azadlıq radiosu" və "Amerikanın səsi" radiostansiyaları, istərsə də adları çəkilən digər media qurumları USAİD-lə əlbir olaraq zaman-zaman ölkəmizə qarşı şantaj dolu kampaniyalar həyata keçiriblər. Ekspertin sözlərinə görə, Bayden hakimiyyəti məhz bu KİV-in və USAİD-in vasitəsilə Azərbaycana qarşı vaxtaşırı qaralama kampaniyası aparırdı: "Ağ Evin və erməni lobbisinin sifarişlərini icra edən bu medialar ölkəmizə qarşı dezinformasiyalar, feyk məlumatlar yaymaqdan belə çəkinmirdilər. Prezident İlham Əliyevin söylədiyi kimi sözügedən media qurumları feyk-nyusu artıq siyasi mübarizənin bir üsuluna çeviriblər. Onlar həm müxtəlif ölkələrə münasibətdə, həm də seçki kampaniyasının gedişində Donald Trampa qarşı siyasi motivli media hücumları təşkil edirdilər. Azərbaycan da daim bu hücumların əsas hədəflərindən biri olub". Siyasi şərhçi vurğulayıb ki, 44 günlük müharibə nəticəsində ərazi bütövlüyümüzü bərpa edəndən sonra “Politico”, “The New York Times” və “Associated Press” nəşrlərinin, “Azadlıq radiosu" və “Amerikanın səsi” radiostansiyalarının Azərbaycana qarşı apardığı informasiya müharibəsi daha kəskin xarakter almışdı: "Lakin Azərbaycan bu hücumları dəf etməyi, total manipulyasiyaları neytrallaşdırmağı bacardı. Bu gün isə biz ABŞ-nin yeni administrasiyası tərəfindən USAİD-ə və anti-Azərbaycan mövqeli media quruluşlarına ağır zərbə vurulmasının şahidi oluruq. Donald Trampın dünyanın liberal-qlobalist güclərinin və ABŞ-nin Demokratlar Partiyasının maraqlarını təmsil edən təşkilat və KİV-ə qarşı sərt siyasəti davam edir. Bunun nəticəsidir ki, son 30 ildə dünya ağalığına nail olmuş liberal-qlobalist diktatura artıq çökür. Başqa sözlə desək, ədalət qalib gəlir. Biz bu inqilabi dəyişiklikləri dəstəkləyirik". Geri qayıt |