Əsas Səhifə > Güney Press > Məktəblərdə telefon qadağan olunur

Məktəblərdə telefon qadağan olunur


Bu gün, 12:48
Məktəblərdə telefon qadağan olunur
Yeni tədris ilindən ölkədə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin hamısında Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanmış şagird davranış qaydalarının tətbiqi nəzərdə tutulub.

Bu qaydaların arasında məktəblərdə mobil telefondan istifadənin qadağan olunması da var. Təhsilalanların tədris prosesi zamanı xüsusi hallar istisna olmaqla, telefon və digər ağıllı cihazlardan istifadəsi qadağan olunub.

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi TNS-ə qadağanın müsbət və mənfi tərəfələri ilə bağlı danışıb.

Mütəxəssis bir müddət öncə Elm və Təhsil Nazirliyi tərəfindən məktəblərdə şagird davranış qaydaları hazırlandığını, layihənin indiyə kimi pilot olaraq 300-dən çox məktəbi əhatə etdiyini xatırladıb: “Qaydaların müddəları arasında şagirdlərin məktəbdə-sinif otaqları daxilində mobil telefondan istifadəsinə qoyulan qadağa da var. Pilot layihənin tətbiq olunduğu məktəblərdə dərs başlamadan öncə telefonlar yığılırdı. Bəzilərində məktəbin girişində, bəzilərində hər sinfin daxilində ayrıca dolabda saxlanılırdı. Eyni prinsip 4400-dən çox təhsil müəsissəsini əhatə edəcək. Qaydalara görə, əgər şagirdin mobil telefondan istifadəsi zamanı dərsin gedişatı pozularsa, o zaman qaydaya uyğun şagirdlər haqqında tədbirlər görüləcək.

Bu tətbiqin müsbət tərəfləri çoxdur. Mobil telefon şagirdin üzərində olduğu zaman onun diqqəti yayınır, dərsini öyrənə bilmir. Cihaza daha çox vaxt sərf edən şagirdlərin ümumi təhsil göstəriciləri uğurlu deyil. Bunu biz həm monitorinq, həm buraxılış imtahanlarında görürük. Telefona daha çox vaxt sərf edən şagird və abituriyentlərin nəticəsi ürəkaçan olmur”.

Elçin Əfəndi bildirib ki, telonlara məhdudiyyətin tətbiqi prosesinə valideynlər də nəzarət etməlidirlər.

Belə ki, onlar övladlarının telefon istifadəsinə günün müəyyən saatlarında şərait yaratmalıdırlar: “Telefon istifadəsinə müəyyən vaxt tətbiq olunarsa, şagird təhsilə daha çox diqqət və maraq göstərəcək”.

Mütəxəssis qadağa prosesinin ciddi mənfi tərfələrinin olmadığını deyib: “Yalnız bir yerə yığılan telefonlar götürülən zaman çaşqınlıq, qarışıqlıq yaranması bir az problemlər yarada bilər. Bu da həll olunacaq məsələdir. Bəlkə də, telefondan təyinatı üzrə istifadə edilsəydi, bu qadağaya ehtiyac qalmazdı. Texnologiya dövründə yaşayırıq. Bəzi məqamlar ola bilər ki, müəllim hər kəsin öz telefonundan istifadə etməklə izləməsinə imkan yarada bilərdi. Amma qayda bu imkanı onların əlindən alır. Bunu mənfi hal kimi görmək olar. Amma dedyim kimi, ümumi işin gedişatına baxanda təhsilin keyfiyyəti baxımından müsbət məqamlar çoxdur. Bu baxımdan, müsbət tərəflər mənfi məqamları kölgədə qoyur”.

Geri qayıt