Əsas Səhifə > Güney Press > Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdır
Televiziyaların qarşısında qoyulan yeni tələbi alqışlamaq lazımdırBu gün, 13:58 |
![]() Televiziyalar qarşısında qoyulan yeni tələb əlilliyi olan şəxslərə informasiyaların çatdırılması məqsədilə işarət dilindən istifadə edilməsidir. Yeni tələb Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna təklif olunan dəyişiklikdə əksini tapıb. Dəyişikliyə əsasən sözügedən qanunda istifadə olunan anlayışlara Azərbaycan işarət dili də əlavə edilib. Layihəyə əsasən, Azərbaycan işarət dili – eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsi deməkdir. Qanuna əlavə edilən yeni 12-1-ci maddəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir. Məlumdur ki, eşitmə və nitq qüsurlu şəxslər öz aralarında işarət dili ilə ünsiyyət saxlayır. İnformasiyaların işarət dili ilə çatdırılması da xüsusi bir ixtisasdır və bu sahənin mütəxəssisləri tərəfindən icra olunur. Dünyada bunun xeyli örnəyi var. Bir çox televiziyalar uzun illərdir informasiya proqramlarını, hətta bəzi sosial məzmunlu verilişlərdə bəlli tele-aparıcılarla yanaşı, xüsusi kateqoriyadan olan tamaşaçılara işarət dili ilə müraciət edən aparıcılar da dəvət edir. Son illərdə bir sıra filmlərin alt yazılarla təqdim edildiyini, filmlərin işarət dili ilə müşayiət olunduğunu da görürük. İşarət dili mütəxəssisləri harada, necə hazırlanır? Və bizdə belə kadrlar varmı? Əməkdar jurnalist, uzun illərdir BDU-nun televiziya jurnalistikası və Multimedia və elektron kommunikasiya kafedralarının professoru Qulu Məhərrəmli "Sherg.az"a açıqlamasında qeyd etdi ki, qanunda edilən dəyişikliyin əhəmiyyətini vurğulamaq lazımdır. - Bu, çox vacib dəyişiklikdir. Bizim cəmiyyətdə dinləmə, eşitmə, özünü ifadəetmə çətinliyi, məhdudiyyəti olan müəyyən şəxslər üçün sosial-humanitar addım kimi işarət dilindən istifadə olunur. Əlbəttə, Azərbaycan televiziyalarında, əsasən AzTV-nin təcrübəsində bu cür layihələr olub. Xəbər proqramlarının yayımı zamanı, xüsusilə axşam saatlarında işarət dilindən istifadə edilib. Bu nəyə xidmət edir? Bu gün çox dağınıq informasiya məkanı var. Parçalanmış, mozaikləşmiş auditoriya var. İnformasiya mənbələrinin özü həddindən artıq parçalanmış vəziyyətdədir. Sosial şəbəkələri, saytları digər informasiya portallarını da bura əlavə etsək, informasiya xəttini dəqiq izləmək olmur. Amma tutaq ki, televiziya kimi - auditoriyanın əksəriyyətinin baxdığı platformalarda xəbərlərin həm də eşitmə, dinləmə məhdudiyyəti çatdırılmasında xüsusi işarət dilindən istifadə olunması çox önəmlidir. Əvvəla, xəbərlərin sistemləşdirilmiş şəkildə çatdırılması, anlaşıqlı bir dildə sosial-humanitar aksiya kimi çatdırılması müsbət hadisədir. Cəmiyyətin özü üçün, onun müəyyən təbəqəsi üçün gərəkli olan missiyadır. Bunu yalnız alqışlamaq lazımdır. Kadr hazırlığına gəlincə, Q.Məhərrəmli qeyd etdi ki, işarət dili üzrə kadrların jurnalistikaya aidiyyəti yoxdur: - İşarət dili ilə ünsiyyət yaradan, qarşısındakı insanı məlumatlandıra bilənlər xüsusi təlim keçmiş, xüsusi təhsil görmüş insanlar arasından seçilir. Bu təcrübə var ölkədə. Jurnalistikaya bunun aidiyyəti yoxdur. İşarət dili üzrə dərslər, təlimlər Pedaqoji Universitetdə də aparıla bilər, İncəsənət Universitetində də hazırlana bilər. Bildiyim qədər Pedaqoji Universitetdə bu ixtisas tədris edilir. Yəni hesab etmirəm ki, kadr çatışmazlığı ilə üzləşə bilərik. Kadrlar var, yetər ki, televiziyalar qanunun tələbinə əməl edib xüsusi kateqoriyaya aid insanlarımızın məlumatlanmasını həyata keçirsinlər. Geri qayıt |