Əsas Səhifə > Güney Press > "Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq"

"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq"


Bu gün, 17:52
"Trampın "sülh müqaviləsi"ndə qalib olmayacaq"
"Yay aylarına qədər Trampın reputasiyasına ciddi zərbə dəyməsə, ona qədər Kiyevlə Moskva arasında sülh danışıqları başlayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Türkiyə XİN rəhbəri Hakan Fidanın yaya qədər Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının başlaya biləcəyilə bağlı səsləndirdiyi bəyanatı şərh edərkən deyib.

Üzeyir Şəfiyev bildirib ki, Türkiyə XİN rəhbəri Hakan Fidanın vurğuladığı kimi yaya qədər Kiyevlə Moskva arasında sülh danışıqlarına başlamaq ehtimalı var:

"Əslində, birbaşa olmasa da bu danışıqlar müxtəlif səviyyələrdə gedir. Bu istiqamətdə ABŞ-Rusiya, ABŞ-Ukrayna danışıqlarının getdiyinin şahidiyik. Tramp sülhə məcburetmə taktikasından məharətlə yararlanır. O, Ukraynaya sərt bəyanatlar verir. ABŞ hətta Ukraynada prezident seçkilərinin keçirilməsində də maraqlıdır. Tramp Rusiyaya yönəlik də sərt bəyanatlarla çıxış edir və deyir ki, Kreml ölkəsinin böyük itkilərə məruz qaldığının və onu sosial kataklizmlərin gözləyə biləcəyinin fərqində olmalıdır".

Ekspert qeyd edir ki, Trampın vəd etdiyi sülh müqaviləsində heç kim qalib görsənməyəcək:

"Putin də sülh danışıqlarında maraqlıdır. Çünki Tramp dövründə ABŞ-ın gözlənilməz və proqnozlaşdırılması çətin olan addımlar atacağının fərqindədir. Putin Rusiyanın itkilərinin çox olduğunun da fərqindədir. O, həmçinin məqsədinə əsasən nail olub. Ukraynanın bəzi ərazilərini tutub. Putin Kiyevin NATO dövləti olmayacağı reallığına da artıq nail olub. Zelenski də bu vəziyyətlə barışıb".

Həmsöhbətimiz artıq sülh planının hazır olduğu qənaətindədir:

"Bu planla Ukrayna ərazi itkilərilə birmənalı şəkildə barışmalı olacaq. Putin də indi əldə etdiklərinin bəzilərindən imtina etmək zorunda qalacaq. Yəni hər iki tərəf bəzi korrektlərlə Trampın təklif etdiyi sülh planını qəbul edəcək. Ona görə də yaya qədər sülh danışıqlarının başlanması ehtimalı mümkündür. Trampın qlobal səviyyədə güclü nüfuz xərcləməsi prosesi gedir. Trampın ilhaq siyasətini bəyan etməsi dünya dövlətlərinin əksəriyyəti tərəfindən iqnor edilir".

Ekspertə görə, Trampın bu ilhaqçı baxışları son nəticədə onun nüfuzunun sürətlə aşağı düşməsinə səbəb ola bilər:

"Lavrov bu günlərdə onu Hitlerlə müqayisə edib. Beləliklə, Tramp nüfuzunu xərcləməsə sülh danışıqlarında moderator olacaq. Yəni yay aylarına qədər Trampın reputasiyasına ciddi zərbə dəyməsə Kiyevlə Moskva arasında sülh danışıqları başlayacaq".

Qeyd edək ki, Türkiyə hakimiyyəti Ukrayna üzrə sülh danışıqlarının yaxın vaxtlarda, hətta yaydan əvvəl başlaya biləcəyini gözləyir. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Anadolu agentliyinə müsahibəsində deyib.

Geri qayıt