Əsas Səhifə > Güney Press > "Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur"

"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur"


Bu gün, 14:00
"Paşinyanın yurisdiksiya məsələsini qabartması suallar doğurur"
Xəbər verdiyimiz kimi, Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Naxçıvanla Azərbaycanın Qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil. Baş nazirin sözlərinə görə, İrəvan Azərbaycana çox konkret təklif verib: "Bu, hətta təklif deyil, bu, bizim qiymətləndirməmizdə və açıq şəkildə həm Ermənistanın, həm də Azərbaycanın mövqelərini nəzərə alan məsələnin həllidir. Biz mövqeləri formalaşdırırıq, ifadə edirik, o mövqeləri paketləyirik və s. Lakin biz nəinki öz mövqelərimizi ifadə etmişik, həm də Azərbaycanın qaldırdığı məsələləri, həm də bizim tərəfimizdən qaldırdığımız məsələləri həll edən yollar təklif etmişik. Təklif edirik ki, Qərbi Azərbaycandan, yəni Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına və əksinə dəmir yolu yük əlaqəsi olsun. Amma eyni prinsiplə Arazdəyəndən Naxçıvan ərazisi ilə də əlaqə olsun, Mehriyə və əksinə". Baş nazir qeyd edib ki, o cümlədən, beynəlxalq ticarət üçün Azərbaycan ərazisi vasitəsilə Ermənistana şərait yaradılsın: "Həmin təklifin mühüm nüanslarından biri də odur ki, atmosferi və münasibətlərdəki gərginliyi nəzərə alaraq, indiki mərhələdə biz bir müddət yükdaşımalara başlayacağıq, sonra atmosfer daha uyğun olanda sərnişin nəqliyyatı haqqında da düşünəcəyik. İndi, düzünü desəm, biz Azərbaycandan müsbət cavab gözləyirik. Azərbaycanın mövqeyini bilirəmsə, mən başa düşmürəm ki, onlar bunu niyə rədd etsinlər. Biz qaldırdığımız hər iki problemə cavab verən bir həll tapdıq". Paşinyan vurğulayıb ki, bu təklif “Sülh kəsişməsi” proqramı çərçivəsində səslənən prinsiplərə tam uyğundur, eyni zamanda Azərbaycanın danışıqlar zamanı qaldırdığı gözləntilərə cavab verir: "Biz maneəsiz ünsiyyətin əleyhinə deyilik, lakin maneəsiz olmaq Ermənistan Respublikasının yurisdiksiyasından yan keçmək demək deyil".

Millət vəkili Rizvan Nəbiyev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıyır və Ermənistanın suverenliyini sual altında qoymur. Deputat bildirib ki, bu məsələlər sülh müqaviləsinin mətnində də yer alıb. Amma Paşinyanın açıqlamasında gündəmə gətirdiyi "yurisdiksiya" artıq hökumətin səlahiyyətlərinə aid məsələlərin məcmusu və onun icrasıdır:

"Hökumət səlahiyyətlərinin icrası çox məsələləri özündə ehtiva edir. Sabah yurisdiksiyanın icrasında sərhəd kontrolu, gömrük rüsumu nəzərdə tutula bilər, pasport yoxlanışı ola bilər. Yəni dövlətin öz yurisdiksiyasını icra etməsi çox geniş anlam ifadə edir. O baxımdan Paşinyanın maneəsiz gediş-gəlişin təmin olunması və yurisdiksiya məsələsini qabartması yeni suallar doğurur. Yurisdiksiya maneəsiz gediş-gəlişin təmin olunmasında məhdudiyyətlərə səbəb ola bilər. Cənab Prezident nəqliyyat məsələlərinə həsr olunan müşavirədə bildirdi ki, Azərbaycandan Azərbaycana gediş-gəliş maneəsiz təmin olunmalıdır. Burada heç bir gömrük nəzarətindən, sərhəd yoxlanışından söhbət gedə bilməz. Ermənistan tərəfi yurisdiksiya deməklə gələcəkdə dəhlizdə görmük nəzarətini, sərhəd yoxlanışı kimi məsələləri tətbiq edə bilər. Paşinyan da bunu nəzərdə tutur".

Parlament üzvü vurğulayıb ki, Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı belə bir açıqlama verməsinin bəzi obyektiv səbəbləri var:

"Bu da hazırda Ermənistanın düşdüyü vəziyyətlə bağlıdır. Paşinyan Davos Forumunda çıxış edərkən, cənab Prezidentin təbirincə desək, iki qəpiklik dəyəri olmayan "sülh kəsişməsi" layihəsini gündəmə gətirdi və dedi ki, Ermənistan müstəqilliyini qazanandan bəri izolyasiya vəziyyətindədir. Düzdür, Paşinyan işğalçılıq siyasətinin nəticəsində bu izolyasiyanı özlərinin yaratdığını demədi, amma izolyasiya sözüşü işlətdi. Hətta bu gün də təcrid olunmuş vəziyyətdə olduqlarını vurğuladı. Bu nə deməkdir? Məsələn, Zəngəzur dəhlizində nəzərdə tutulur ki, ilk istifadəyə verilən kommunikasiya xətlərindən biri dəmiryolu nəqliyyatı olmalıdır. Ermənistanın dünya bazarına çıxışında 4 istiqamətdə dəmiryol xətti var. Biri Qazax istiqamətində - İcevan, digəri Meğri,Türkiyə və Gürcüstandır. 4 yoldan 3-ü bu gün Ermənistanın 30 illik təcavüzkar siyasətinə görə bağlıdır. Gürcüstandan istifadə olunan yeganə xətt isə köhnəlib və uzundur. Praktik deyil, yükgötürmə qabiliyyətində və digər məsələlərdə problemlər var. Həmçinin, bu yol Rusiya Dəmir Yollarının nəzarətindədir. İki dövlət arasında 2008-ci ildə 30 illik müqavilə bağlanılıb, icra və nəzarət Rusiya Dəmir Yollarına verilib. Müddət tamam olanda bu məsələyə yenidən baxılacaq. Ermənistan tərəfi istəyirdi ki, Qara dəniz limanlarına çıxmaq üçün 100 km.dən artıq məsafəni qısaltsın. Orada 32 km.lik bir xətt çəkmək lazımdır. Hardasa 15 ildir danışıqlar aparılır və 250 milyon dollarlıq dəyəri var. Amma icra olunmadı. Hətta Paşinyan hakimiyyətə gələndən sonra da bu məsələylə məşğul oldu, lakin həll edə bilmədi. Yuxarı Lars yolu da qış aylarında donur, dumanlı, əlverişsiz olur. Bəzən Rusiya siyasi təzyiq vasitəsi kimi yolu bağlayır. Paşinyan da bu reallıqları görür. Bilir ki, ölkəsinin rifahının təmini Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətlərin normallaşmasından keçir".

Geri qayıt