Əsas Səhifə > Güney Press > İrəvanda oxunan “Qarabağ”:

İrəvanda oxunan “Qarabağ”:


Bu gün, 17:12
İrəvanda oxunan “Qarabağ”:
Güney Azərbaycan Milli Oyanış Hərəkatı İrəvanın mərkəzi meydanında “Qarabağ” mahnısı oxuyan Milard Qəhrəmaniəfşarın həbsini pisləyib.

Bu barədə “Cebheinfo.az”-a GÜMOH İdarə Heyətinin üzvü Ağrı Qaradağlı açıqlama verib.

Qeyd edək ki, yanvarın 30-da sosial şəbəkələrdə Güney Azərbaycandan olan bir qrup şəxsin İrəvanın “Respublika” meydanında bəstəkar Bəhram Nəsibovun “Qarabağ” mahnısını oxuduğunu əks etdirən videolar yayılıb. Bu görüntülər Ermənistanda radikal millətçilərin etirazına səbəb olub.

Ermənistan Milli Təhlükəsizlik Xidməti isə yaydığı məlumatda həmin əcnəbilərin 2024-cü il dekabrın 24-dən yanvarın 3-dək ölkə ərazisində olduqlarını, sonra isə İrana qayıtdıqlarını bildirib. Lakin ermənilər bu videonu siyasiləşdirib, fevralın 1-də yenidən küçələrə çıxaraq etiraz aksiyaları keçiriblər. Nikol Paşinyan hökuməti özünü kütlənin qəzəbindən sığortalamaq üçün bu günlərdə yenidən Ermənistana qayıdan Milard Qəhrəmaniəfşarı şərləyərək həbs etdirib.

Bir sıra mənbələr onun adını Milard Vahidi kimi təqdim edir. O, yanvarın 31-də İrəvanda avtobusların birində ictimai asayişi pozmaqda ittiham edilir. “Həmin şəxs ictimai asayişi kobud surətdə pozub, əhaliyə qarşı hörmətsizlik edib, həmçinin şəhər avtobusunda nalayiq hərəkətlər nümayiş etdirib. Hadisə yerində polis müəyyən edib ki, bu əməli avtobusda olan İran vətəndaşı törədib və ona hörmətsiz davranışını dayandırması ilə bağlı xəbərdarlıq edilib, lakin o, davam edib və ictimai nəqliyyatda vətəndaşların ünvanına nalayiq sözlər deyib”, - deyə Erebuni polis şöbəsinin məlumatında bildirilir.

Polisin açıqlamasına görə, İran vətəndaşı, 40 yaşlı Milard Vahid olduğu təsbit edilən şəxs onu nalayiq hərəkətlərdən çəkinməyə çağıran iki ermənini - 22 yaşlı Yuri B.-ni və 21 yaşlı Qagik A.-nı da döyüb. Beləliklə, iki erməni Güney Azərbaycan türkünün üzünə duraraq onu şərləyib və Milard Qəhrəmaniəfşarı qanunsuz yolla həbs etdirib.

Ağrı Qaradağlının sözlərinə görə, Ermənistan hüquq-mühafizə orqanları heç bir ciddi subut olmadan Milard Qəhrəmaniəfşarın hüquqlarını pozub:

“Hər bir insanın öz ana dilində mahnı oxumaq hüququ var. Milard bəy də bu hüququndan istifadə edərək öz ana dilində digər dostları ilə birlikdə “Qarabağ” mahnısını səsləndirib. Bu yanlış əməl deyil və onun həbs edilməsi üçün hər hansı əsas yaratmır. Çox böyük ehtimalla “Qarabağ” mahnısını oxuyan digər güneyli şəxslər də İranda təqib olunacaqlar.

İran rejimi onlara təzyiq göstərəcək. Güney azərbaycanlılar vaxtaşırı Ermənistana səfərlər edirlər. Hesab edirəm ki, onlar Ermənistanda olanda “Qarabağ” haqqında mahnıları daha çox oxumalıdırlar. Hətta son videodakı da azdır. Ana dilimizdə “Qarabağ” mahnısını səsləndirmək təşəbbüsünü kim irəli sürübsə, çox gözəl iş görüb. Güney Azərbaycan Milli Oyanış Hərəkatı Milard Qəhrəmaniəfşarın Ermənistan tərəfindən həbsini şiddətlə qınayır və pisləyir. Əgər digər şəxslər də İran rejimi tərəfindən təzyiqə məruz qalıbsa, bunu da pisləyirik və insanların sərbəst əylənmək hüququnun pozulması kimi qiymətləndiririk”.

Ağrı Qaradağlı bildirdi ki, soydaşlarımızın İrəvanda “Qarabağ” mahnısını oxuması Güney Azərbaycanda milli oyanışın nəticəsidir:

“Güney Azərbaycanda milli oyanış getdikcə güclənir. Bizim əsas istəyimiz də bu idi. Güney Azərbaycanda yaşayan 35 milyon türkün hətta 15-20 faizi belə, milli hüquqlarını tələb etsə, bu, böyük göstəricidir. Biz 5-6 milyon insanı küçələrə çıxara bilərik. Bu gün İrəvanda həmin mahnının oxunması səbəblərindən biri Qarabağın işğaldan azad edilməsidir. Ona görə də öz fikirlərini daha sərbəst şəkildə ifadə edə bilirlər.

Ancaq Qarabağın işğalı dövründə belə bir hadisə baş versəydi, o insanları İranda həbs edərdilər. Bəlkə də İran rejimi onlara ömürlük həbs cəzası verərdi.

İndi isə siyasi şərtlər dəyişib və milli oyanış baş verib”.

O deyib ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan dövlətinin işğal altındakı torpaqları azad etməsi Güney Azərbaycanda həm milli şüurun oyanmasına, həm də siyasi, sosial proseslərə güclü təsir göstərib:

“Biz bu fəallığın xüsusilə də gənclər arasında artdığını görürük. Güney Azərbaycanın gələcəyi yeni nəsildən asılıdır. Yeni böyüyən nəsil milli haqları uğrunda nə qədər çox mübarizə apararsa, bizim müstəqilliyə gedən yolumuz da bir o qədər yaxın olacaq”.

Geri qayıt