Əsas Səhifə > Güney Press > “Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi

“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi


Bu gün, 17:23
“Basqalı”ya görə Bakıdan Gürcüstana xəbərdarlıq zəngi edildi
Məlum olduğu kimi, Azərbaycanın xəbərdarlıqlarına baxmayaraq, Gürcüstanın IMEDI televiziya kanalında ölkəmizə məxsus “Basqalı” rəqsi növbəti dəfə təhrif edilərək “Somxuri şalaxo” - “erməni şalaxosu” kimi təqdim olunub.

Musavat.com-un məlumatına görə, bu dəfə gürcü müğənni Tamar Kotetişvili sintezatorun müşayiəti ilə Azərbaycanın Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsinə (musiqisinə) yazılmış mahnını “erməni şalaxosu” adı altında ifa edib.

Məsələ ilə bağlı Azərbaycan Əqli Mülkiyyət Agentliyi rəsmi reaksiya verib.

Qurumdan Musavat.com-a verilən açıqlamada bildirilib ki, bununla bağlı Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi “Sakpatenti”nin rəhbərliyinə zəng olunaraq xəbərdarlıq edilib:

“Azərbaycan Respublikasının Xalq artisti Aftandil İsrafilovun müəllifi və ifaçısı olduğu məşhur “Basqalı” rəqsi ilə müşayiət olunan mahnının “Somxuri şalaxo” - “erməni şalaxosu” kompozisiyası kimi təqdim olunması ilə bağlı Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin rəhbərliyilə Gürcüstan Milli Əqli Mülkiyyət Mərkəzi “Sakpatenti”nin rəhbərliyi arasında telefon danışığı olub.

Danışıq əsnasında qeyd edilən məsələ barədə daha öncə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən “Sakpatenti”yə məktub unvanlandığı, “Sakpatenti” tərəfindən isə bu məsələnin həlli üçün lazımi tədbirlərin görüləcəyi barədə rəsmi cavab verilməsinə baxmayaraq, bu halın təkrarlanmasının Azərbaycan tərəfini ciddi narahat etdiyi vurğulanıb.

Eyni zamanda bu halın Azərbaycan və Gürcüstan arasında olan ikitərəfli dostluq münasibətlərinə zidd olduğu qeyd edilib. “Sakpatenti” rəhbərliyi tərəfindən Gürcüstan kanallarına belə halların yolverilməz olduğu barədə rəsmi ciddi xəbərdarlıq edildiyi, nəzarətin daha da gücləndiriləcəyi və nəticə barədə Agentliyə əlavə məlumat veriləcəyi bildirilib".

Qeyd edək ki, bu məsələ Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub və bu cür təhriflərin qarşısının alınması üçün beynəlxalq səviyyədə daha sərt addımların atılmasının vacibliyi vurğulanıb.


Geri qayıt