Əsas Səhifə > Güney Press > Putinin iki eyni oyununa riyakar yanaşma:

Putinin iki eyni oyununa riyakar yanaşma:


28-01-2025, 17:15
Putinin iki eyni oyununa riyakar yanaşma:
Avropa İttifaqı (Aİ), ABŞ, Yaponiya, Böyük Britaniya, Avstraliya və digər demokratik ölkələrin hamısı Rusiyanın Ukraynada işğalçı siyasətini qınamaq, sanksiyalar qoymaq və Ukraynaya dəstək göstərməklə yanaşı, Ukraynanın işğal olunmuş ərazilərində Kremlin yaratdığı hakimiyyət orqanları və ya Putin tərəfindən təyin edilmiş separatçıları tanımırlar. Onlara qarşı da ayrıca sanksiya rejimi mövcuddur.

Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyasının sədri Natiq Cəfərli deyib.

Siyasətçi bəzi Qərb dövlətlərinin eyni problemlə üzləşmiş Azərbaycan və Ukraynaya fərqli yanaşmalarına diqqət çəkib:

“İşğal olunmuş ərazilərdə - Krımda Aksenov, Donetskdə Puşilin, Luqanskda Paseçnik, Zaparojedə Balitski, Xersonda Saldo Putin tərəfindən təyin olunmuş adamlardır və onların hamısı Qərb ölkələrinin sanksiyaları altındadır. Bundan başqa, Ukraynanın hüquq-mühafizə və prokurorluq orqanları həmin şəxslərlə bağlı onlarla cinayət işi açıb, barələrində axtarış verib. Ukrayna bir gün o şəxsləri həbs edib məhkəməyə çıxarsa, Qərb siyasətçiləri və QHT-ləri onların həbsdən azad edilməsini tələb edəcəkmi? Əlbəttə, yox. Onları “siyasi məhbus” kimi tanıyacaqmı? Yox.

Yaxşı, indi Vardanyan və digər separatçılara görə Qərbin bəzi siyasətçiləri və QHT-ləri nədən abırsızca davranırlar? Onların Ukrayna separatçılarından hansı fərqləri var? Beynəlxalq hüquq, məntiq və daxili qanunvericiyə görə Ukraynanın işğal altında olan bölgələrində Kreml tərəfindən təyin edilmiş “rəhbərlər” kimdirlərsə, Vardanyan və digərləri də eynidir. Onları da Kreml təyin edib, bəsləyib və təlimatlandırıb”.

Natiq Cəfərlinin fikrincə, Qərb məhz belə mənasız fərqlər, qanunsuz standartlar və axmaq yanaşmalar ortalığa qoyduğu üçün zəifləyib:

“Artıq Avropada seçicilər 20-25 illik bu ikiüzlüyə etiraz edərək yeni siyasətçiləri dəstəkləyirlər. Avropada sağ və millətçi siyasətçilərin güclənməsi məhz bu amillərlə bağlıdır. Eyni məsələlərə müxtəlif yanaşma ortalığa atmaq institutları nüfuzdan salıb zəiflədir. Demək, Avropada da yeni siyasi düşüncə tərzinə malik insanlar hakimiyyətə gələcəklər və bu obyektiv reallıq son 20-25 ilin onurğasız siyasətinin nəticəsi olacaq”.

Geri qayıt