Əsas Səhifə > Güney Press > “İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...”
“İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur...”Dünən, 10:41 |
“ABŞ-nin yanvarın 20-də and içərək ikinci dəfə hakimiyyət başına gəlmiş prezidenti Donald Trampın ideologiyasının kökündə Amerikada zəif də olsa, mövcud olan ağdərililərin üstünlüyünü özündə ehtiva edən və onu ideoloji əsas kimi götürən “White supremacy” adlı bir təşkilata bağlılıq dayanır. Və mən istisna etmirəm ki, dünyanın ən varlı adamı sayılan və seçkilərdə Trampa böyük maliyyə dəstəyi vermiş İlon Mask da o hərəkata aiddir. Bundan əlavə, Pentaqon rəhbəri vəzifəsinə irəli sürülmüş və dünən Senat tərəfindən səs verilərək həmin vəzifəyə təsdiqlənmiş Pit Heksel də məhz həmin zümrədən olanlardır. Belə nəticəyə gəlmək olar ki, Birləşmiş Ştatlarda hakimiyyəti gizli irqçilər ələ keçiriblər”. Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu İlon Maskın Donald Trampın andiçmə günündə faşist salamına bənzər rəmz də nümayiş etdirməsinə münasibət bildirərkən dilə gətirib. “Və deyilənlər baxımdan İlon Maskın bir faşist salamı göndərməsində qeyri-adi heç nə yoxdur... Burada hələ başqa nüanslar da var. Məsələn, gəlin respublikaçıların siyasi narrativlərinə- aparıcı fikirlərinə baxaq. Həmin narrativlər əsasən nələrdən ibarətdir: Ölkəni qeyri-qanuni mühacirlərdən təmizləmək. Qanunsuz miqrantlar kimdir? 95 faizi Latın Amerikası ölkələrindən olan insanlardır. Onların əksəriyyəti yerli amerikalılardır, yəni aborigen hindu tayfalarının nəslindəndirlər. Və burada da əhali artımı məsələsini, abortların qadağan olunmasını və s. məsələləri ortaya qoyanda bütün bu ideologiyanın iç üzü ortaya çıxır. Əsas məqsədlərdən biri Amerikanı hindu mənşəli əhalidən təmizləmək, ən azı onların sayının artmasına imkan verməməkdir. Qaradərililər əsas hədəf deyil, onların artımı ağ irqçilər üçün elə bir təhlükə yaratmır.... Tramp və tərəfdarları bunlar barədə açıq danışmırlar, amma görünən odur ki, bütün hərəkət və çıxışları bu məqsədə doğru yönəlib”, –deyə davamında analitik diqqətə çatdırıb. Geri qayıt |