Əsas Səhifə > Güney Press > “Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam”

“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam”


Dünən, 16:38
“Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam”
Oğlunu Dövlət Gömrük Komitəsinə işə düzəltmək istəyən şəxs 10 min manatından olub. Onu aldadan şəxs isə 2 il azadlığından...

Musavat.com xəbər verir ki, Eldar oğlu xəstə olduğu üçün pul axtarırmış. O, uşağını müalicə etdirmək üçün borc axtarsa da tapa bilməyib. Özünün dediyinə görə həmin ərəfədə başqa bir dostunun vasitəsi ilə tanıdığı Sabirlə “Maşın bazarı”nda rastlaşıb. Hal-əhval zamanı Sabir iki oğlunun da işsiz olduğunu deyib.

Eldar bunu eşidən zaman fürsət bilib və Sabirə şirnikləşdirici təklif edib. Deyib ki, oğlunu Gömrüyə işə düzəldə bilər. Bunun üçün Sabirdən 30 min manat istəyib. Amma Sabir həmin pulu bir dəfəyə verə bilməyəcəyini deyib.

Eldar əvvəlcə Sabirdən oğlunun sənədlərini, sonra isə hissə-hissə olmaqla 10 min manatını alıb. Deyib ki, yaxın günlərdə işi həll edəcək və qalan ödənişi də onda alacaq. Bundan sonra müxtəlif bəhanələr gətirərək işi uzatmağa başlayıb.

Sabirlə Eldar arasında müxtəlif vaxtlarda danışıqlar və mesajlaşmalar olub. Vaxtın uzandığını görən Sabir Eldardan pulunu istəyib. Eldar isə hər dəfəsində müxtəlif bəhanə gətirərək zaman qazanmağa çalışıb. Söhbətin uzandığını görən Sabir heç olmasa Eldardan bu işi kimin vasitəsi ilə görəcəyini öyrənməyə çalışıb. Eldar isə cavabında “Neyniyirsən? Sənə lazımıdır ki, oğlun Gömrüyə düzəlsin, vəssalam” deyə cavab yazıb.

Uzun müddət sonra Sabir Eldara son xəbərdarlığı edib və polisə şikayət verib. Eldar isə ortaq dostları vasitəsi ilə Sabirdən ona vaxt verməsini istəyib. Amma Sabir polisə şikayət edib.

Eldar həbs ediləndən sonra pulun cəmi min manatını qaytarıb. Deyib ki, Naxçıvanda olan torpağı satılsa, qalan borcu da bağlayacaq. O, ehtiyac üzündən bunu etdiyini bildirib.

Məhkəmə Eldar barəsində 2 il müddətinə həbs qərarı çıxarıb.

Geri qayıt