Əsas Səhifə > Güney Press > İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir?
İran niyə Azərbaycanla yaxınlaşmaq istəyir?Bu gün, 11:38 |
Donald Trampın ABŞ prezidenti postuna ikinci qayıdışından narahat olan İran qonşu ölkələr, o cümlədən Azərbaycanla münasibətlərini normallaşdırmağa çalışır. Teleqraf.com xəbər verir ki, bu barədə “Yerusəlim Post” yazıb. “İran Azərbaycanın İsraillə münasibətlərinə görə son yarım onillikdə Bakı ilə gərginləşən əlaqələrini yaxşılaşdırmağa çalışır. Görünür, Tehran kursunu dəyişib. Bu, çox güman ki, “Hizbullah” və Əsəd rejimi kimi güclü müttəfiqlərini itirdikdən sonra İranın region ölkələri ilə diplomatik əlaqələrini gücləndirmək ehtiyacı ilə əlaqəlidir. Türkiyə də İranın radarındadır. Tehranın artıq Ermənistanla sıx əlaqələri var. İran bu yaxınlarda Rusiya ilə saziş imzalayıb”, - İsrail nəşri bildirib. Mənbə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin Tehrana son səfərinə diqqət çəkib: “İran Prezidenti Məsud Pezeşkian Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə görüşündə iki qonşu ölkə arasında əməkdaşlığın gücləndirilməsini vurğulayıb. Pezeşkian deyib: “İran qonşu və müsəlman ölkələri ilə münasibətlər və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsini prinsipial siyasət kimi öz gündəliyinə daxil edib, bu baxımdan Azərbaycanla əlaqələr bizim üçün xüsusi əhəmiyyət kəsb edir, iki ölkə arasında bütün sahələrdə əlaqələri genişləndirmək istəyirik”. Tehran Bakı ilə daha çoxsaylı müqavilələr imzalamağa, o cümlədən dəmir və avtomobil yolları əlaqələrinin yaxşılaşdırılmasına can atır. Pezeşkian bu kontekstdə qeyd edib ki, bu əməkdaşlığın səviyyəsinin davam etdirilməsi və gücləndirilməsi İran və Azərbaycanı bir-biri üçün strateji tərəfdaşa çevirəcək”. “Yerusəlim Post” məqaləsində Mustafayevin bu sözlərinə də yer verib: “Son onilliklər ərzində Azərbaycan İranla əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyib. Üstəlik, prezidentliyiniz müddətində şahidi olduğumuz mühüm dəyişikliklər iki ölkə arasında münasibətlər və regionumuzdakı vəziyyətdə parlaq gələcək vəd edir”. Regional məsələlərin müzakirə edildiyi ikitərəfli görüş Suriya rejiminin süqutu və ABŞ Prezidenti Donald Trampın yenidən Ağ Evə qayıtmasından sonra baş tutub”. Nəşrin fikrincə, Trampın qayıdışının mümkün mənfi nəticələrini nəzərə alan Tehran indidən özünə yaxşı mövqe tutmağa çalışır: “Xüsusilə yeni sanksiyalardan narahat olan İran ABŞ-nin regiondakı rolunu artırıb-artırmayacağı ilə maraqlanırlar. Mustafayev Pezeşkiana iki ölkə arasında xüsusilə ticarət-iqtisadi sektorlardakı əlaqələrin son vəziyyəti, həmçinin dəmir yolu və avtomobil nəqliyyatı və enerji mübadiləsi sektorlarında həyata keçirilən birgə layihələr haqqında ətraflı məlumat verib. Mustafayev deyib: “Azərbaycanın yüksək səviyyəli iqtisadi nümayəndə heyəti Tehrana səfəri zamanı İranla iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün yol xəritəsini cızmaq istəyir və biz bu istiqamətdə iki ölkə arasında strateji əməkdaşlıq qurmaq istəyirik”. Azərbaycan Pezeşkianı səfərə dəvət edib ki, bu da onların münasibətlərində və İranın maraqları baxımından mühüm gəlişmə olacaq”. Geri qayıt |