Əsas Səhifə > Güney Press > Bu il sülh sazişi imzalanacaqmı?
Bu il sülh sazişi imzalanacaqmı?Dünən, 20:24 |
"Xarici işlər nazirləri səviyyəsində təmaslar bu il də davam edəcək”. Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının cari ildə davam etməsi perspektivi və onun nəticələrindən danışarkən deyib: "Hələlik bu və ya digər sənədlərin hazırlanması nəzərdə tutulur. Bu baxımdan, prosesin davam edəcəyi bəyan edilib. Azərbaycan sülh prosesinin tərəfdarıdır və bu prosesdə iştirak etmək niyyətindədir. Böhran olsa belə, Azərbaycan xarici işlər naziri qeyd etdi ki, onun aradan götürülməsi üçün diplomatik üsul əsas olaraq götürüləcək”. T.Zülfüqarov qeyd edir ki, Azərbaycan - Ermənistan mövzusu Tramp adminstrasiyasının gündəmində əsas mövzu deyil: "ABŞ-da Dövlət Departamenti və təhlükəsizlik məsələlərinə namizədlikləri verilən şəxslərin Konqresdə dinləmələri zamanı bölgəmizlə bağlı onlara hər hansı bir sual verilmədi və onların məsələ ilə bağlı açıqlamaları da mövcud deyil. Trampın bəyanatları da göstərir ki, ilk növbədə Amerikanın marağında olan mövzular müzakirə olunacaq. Yəni hansısa etnik, diaspor qruplarının deyil. Bu mənada hesab edirəm ki, həmin istiqamətdə erməni diasporunun fəallığı Vaşinqtonda dəstəyə səbəb olmayacaq”. Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında Azərbaycan və Ermənistan arasında mütəmadi olaraq XİN başçıları səviyyəsində görüşlərin keçirildiyini deyərək, bu il də prosesin davam edəcəyini bildirib. "Növbəti belə görüşün tarixi hələ bəlli deyil", deyə nazir qeyd edib. Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında bağlanacaq sülh müqaviləsindən də danışıb: "Ermənistanla sülh müqaviləsinin mətnində iki maddə üzrə danışıqlar hələ də davam edir. Ermənistandan fərqli olaraq Azərbaycan bölgədə davamlı kommunikasiyanın yaradılması məqsədilə addımlar atır. Ermənistanla dörd ilə yaxın davam edən danışıqlar nəticə verməyib. Ona görə də Araz çayı üzərindən İran ərazisi ilə körpü tikintisi davam edir. Yəni Zəngəzur dəhlizi məsələsi də gündəmdədir". Geri qayıt |