Əsas Səhifə > Güney Press > “Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...”
“Azərbaycanla Ermənistan arasında 4-5 ay ərzində...”Dünən, 18:58 |
“Artıq demək olar ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün xarici əngəllər yoxdur”. Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, ABŞ və Rusiya da sülh müqaviləsinin imzalanmasında maraqlı olduğunu göstərir: “Rəsmi Vaşinqton Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanmadan bu dəhlizin normal işləməsi mümkün olmayacaq. Bunun üçün Azərbaycanla Ermənistan arasında normallaşma olmalıdır. Həmçinin, rəsmi Moskva da Zəngəzur dəhlizinin açılmasında maraqlı görünür. Ancaq Ermənistanın son addımları sülh müqaviləsini imzalamaq istəyinə adekvat deyil. Ermənistanla ABŞ arasında strateji tərəfdaşlıq sazişi imzalandı. Bundan sonra İrəvan hakimiyyəti özünü arxalı hesab edərək ölkəmizə qarşı hansısa iddialar irəli sürə bilər. Bu, Donald Trampın hakimiyyətinin ilk 100 günündən asılı olacaq”. Lakin partiya sədrinin sözlərinə görə, Tramp ermənipərəst siyasət yürütməyəcək: “Əvvəlki dövrdə də, son seçki kampaniyasında da onun ermənilərə münasibəti isti olmayıb. Hətta son seçki kampaniyası zamanı ABŞ-dəki erməni təşkilatları Trampın müdafiə olunması ilə bağlı hansısa açıqlama vermədilər. Əksinə, ermənilər Co Baydeni və Kamala Harrisi dəstəkləyirdilər. Yəqin ki, Tramp da bunu unutmayıb. Ümumiyyətlə, Trampın daha çox öz qitəsində fəaliyyət göstərəcəyi görünür. XIX əsrin əvvəllərində amerialılar “Monro doktrinası”nı ("Monro doktrinası"nda dünyanın Amerika və Avropa sistemlərinə bölünməsi prinsipi elan edilib-red.) ortaya atmışdılar. Yəni ABŞ-nin amerikalılar üçün olduğunu deyirdilər. Birinci Dünya müharibəsindən sonra isə dünyanın müxtəlif yerlərində “ABŞ-nin haqqı” tezisini gündəmə gətirdilər. Harada ABŞ-nin təhlükəsizliyinə təhdid varsa, orada maraqlarını qoruyacaqlarını bəyan etdilər. Həmin dövrdən etibarən ABŞ “dünya jandarmı” kimi təqdim edilməyə başladı. Ondan sonra bir çox fərqli ölkədə hərbi bazalar açdılar. Lakin indi yenidən ABŞ-nin daxilinə qayıtmaq istəyirlər”. Həmsöhbətimiz qeyd edib ki, Tramp Avropadakı münaqişələrin söndürülməsi xəttini tutacaq: “Məsələn, Rusiya-Ukrayna müharibəsinin bitirilməsinə çalışacaq. Hətta Ukraynanın ərazi güzəştinə gedərək Rusiya ilə sülh müqaviləsini imzalması tələb oluna bilər. Tramp düşünür ki, Ukrayna ABŞ-nin himayəsində olan dövlətə çevrilməməlidir. Yaxın Şərqə də müharibənin dayanması üçün addımlar atılır”. Akif Nağının fikrincə, ABŞ-nin yeni Prezidentinin siyasəti Azərbaycan-Ermənistan münasibətlərinə mənfi təsir etməyəcək: “ABŞ-nin Azərbaycana qarşı addım atacağı inandırıcı deyil. Hesab edirəm ki, qarşıdakı aylar ərzində ciddi irəliləyiş gözlənilmir. Lakin buna baxmayaraq, il ərzində bunun baş verməsi mümkündür. Yəni Azərbaycanla Ermənistan arasındakı münasibətlərdə 5-6 ay ərzində müsbət dəyişikliklər yaşana bilər”. Geri qayıt |