Əsas Səhifə > Güney Press > Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir

Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir


Dünən, 18:00
Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir
Son günlər Rusiyanın bəzi siyasi dairələri və media qurumları Azərbaycana qarşı təhqiredici ifadələr səsləndirir. Ukrayna müharibəsinə dair Rusiyanın maraqlarına zidd mövqe sərgiləyənlərə qarşı dərhal tədbirlər görüldüyü halda, Azərbaycana yönələn bu hücumlara qarşı hələ də reaksiya verilməyib.

Bu vəziyyət sözügedən kampaniyanın müəyyən dairələr tərəfindən məqsədli şəkildə idarə olunduğu şübhəsini yaradır. Azərbaycan isə təyyarə qəzası ilə bağlı Rusiyaya qarşı emosional çıxışlar etməyib, yalnız obyektiv istintaq və ədalətli yanaşma tələb edib. Buna baxmayaraq, hazırda məsələ əsas mahiyyətindən yayındırılaraq, Azərbaycan haqsız yerə hədəfə çevrilməyə çalışılır. Azərbaycan cəmiyyəti isə prosesin şəffaf və qərəzsiz şəkildə araşdırılmasını gözləyir.

Son prosesləri "Sherg.az"a şərh edən Milli Məclisin deputatı Elçin Mirzəbəyli söyləyir ki, bu cür bayağı təbliğatın sifarişçiləri həqiqəti ört-basdır etməyi dayandırmalıdırlar:

"Rusiyanın hakimiyyət dairələri ilə ənənəvi işbirliyində olan media resurslarının, eləcə də XXI əsrdə yaşasaq da, XIX əsrin kommunaçıları və ya 1930-cu illərin proletkulçuları kimi düşünən və danışan neobolşevik təbliğatçılarının Azərbaycanın mülki təyyarəsinin vurulması ilə bağlı ölkəmizə qarşı səsləndirdiyi həqarətlər, uydurduğu nağıllar və əfsanələr həqiqəti etiraf edə bilməməyin, cəsarətsizliyin, xudpəsəndliyin, reallıqdan uzaq və ikrah doğuran təkəbbürün, eləcə də siyasi əxlaqsızlığın bariz nümunəsidir. Azərbaycan təyyarəsinin vurulması faktını heç nə dəyişdirmir. Düşünürəm ki, bu cür bayağı təbliğatın sifarişçiləri yaxın keçmişə və bu günün reallıqlarına – hər kəsin açıq-aşkar görə biləcəyi mənzərəyə nəzər salaraq nəticə çıxarmalı, həqiqəti inkar etməyin, yalanla ört-basdır etməyin və şər-böhtan atmağın heç bir effekt verməyəcəyini anlamalıdırlar. Bu, ilk növbədə onların öz maraqlarına xidmət edə bilər. Əks halda, heç kimin inanmadığı və güvənmədiyi, yalnız acı təbəssüm doğuran təbliğat boşluqlar yaradır və bu boşluqları "vaxtı keçmiş" və ya "istifadə müddəti başa çatmış" epitetlərlə doldurmaq mümkün deyil. "Kommunaçı" medianın və təbliğatçı zehniyyətin təhdid və həqarətlərinin "doza"sından asılı olmayaraq, Azərbaycan təyyarəsinin vurulması fakt olaraq qalır.

Belə məqamlarda ləyaqətli davranış sərgiləmək yalnız fərdlər üçün deyil, dövlətlər üçün də vacib olan bir anlayışdır. Ən azından, yaxın keçmişdə Azərbaycanın nümayiş etdirdiyi davranışdan nümunə götürə bilərlər. Azərbaycan cəmiyyəti böyük təmkin, anlayış və siyasi əxlaq nümayiş etdirərək istintaqın ədalətli aparılmasını, günahkarların cəzalandırılmasını və müvafiq təzminatların ödənilməsini gözləyir. Bunun alternativi yoxdur. Ölkəmizdə şantaj və həqarət təbliğatı qəbul edilmir və edilməyəcək. Daha yaxşı olardı ki, Rusiya hakimiyyəti işbirliyində olduğu media resurslarının nəfəsliyini açsın və havanı dəyişsin.

Geri qayıt