Əsas Səhifə > Güney Press > Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib

Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib


Bu gün, 15:46
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib
Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 35 il
keçir. Keçən bu illər ərzində xalqımız hər il 20 Yanvar faciəsini kədər və
böyük qürur hissi ilə qeyd edir. Çünki 20 Yanvar faciəsi Azərbaycan xalqına
qarşı törədilmiş qanlı cinayət olsa da, həm də Azərbaycan xalqının
qəhrəmanlıq manifesti, azadlıq mücadiləsidir.
Hüzn günü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri,
veteranlar, qazilər, idarə, müəssisə kollektivləri və ictimaiyyət
nümayəndələri ilə birlikdə Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli
səhifəsi olan 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Tərtər
şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksini ziyarət edib,
ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirələri
ehtiramla yad olunub, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli
nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin
ruhuna dua oxuyub, abidənin önünə gül dəstələri qoyulub və ümumtəhsil
məktəblilərinin 20 Yanvar faciəsinə həsr olunmuş rəsm və əl işlərindən
ibarət sərgiyə baxılıb.
Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim
Məmmədov bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 28.12.2024-
cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il
“Konstitutsiya və Suverenlik ili” elan edilib. 20 yanvar şəhidləri də
suverenliyimiz uğrunda canlarından keçiblər. Yalın əllə tank qarşısına
çıxıblar, müstəqilliyimizə uzanan xain əlləri kəsmək istəyiblər.
Hər bir xalqın tarixində həm faciəli, həm də qəhrəmanlıq səhifələri olur. Çox
nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin
Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı və bu gün
həmin qanlı, eyni zamanda, şərəfli tarixi hadisədən 35 il keçməsinə
baxmayaraq, Vətənimizin azadlıq mübarizəsində şəhid olanların hər biri
bizim yaddaşımızda əbədi yaşayır.
1990-cı il yanvarın 20-də Azərbaycan xalqı çox ağır imtahan verdi. Lakin
xalqımız bu sınaqdan qalib çıxdı. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana
qarşı qərəzli, ermənipərəst siyasətinə, Ermənistanın təcavüzkar siyasətinin
açıq-aşkar dəstəklənməsinə və respublikanın ozamankı rəhbərliyinin
xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq
kütlələrinin üzərinə sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi
Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı,
böyük itkilərlə, günahsız insanların ölümləri ilə nəticələndi.
Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və
respublikanın rayonlarında 147 nəfər qətlə yetirilib, 744 nəfər yaralanıb,
841 nəfər qanunsuz həbs olunub, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif
şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılıb. Həlak olanlar arasında
müxtəlif millətlərin nümayəndələri, uşaqlar, qadınlar, qocalar da var idi.
Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım
maşınlarını, avtobusları atəşə tutur, yaralıları öldürür, meyitləri təhqir
edirdilər. Hərbi təcavüz nəticəsində yüzlərlə ev, onlarla təcili yardım
maşınları dağıdılıb, külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv
edilib.
Qeyd etmək lazımdır ki, həmin günlərdə ölkə informasiya blokadasında idi.
Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və
ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən
dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələrək təcavüzə kəskin etirazını bildirdi, faciəni
törədənləri, şəxsən Mixail Qorbaçovu kəskin ittiham edərək qoşunların
Bakıdan çıxarılmasını tələb etdi. Bu, törədilmiş qanlı faciəyə verilən ilk
siyasi qiymət idi. O, yenidən hakimiyyətə qayıtdıqdan sonra bu məsələyə
dövlət səviyyəsində siyasi - hüquqi münasibət bildirildi.
Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü
ildönümünün keçirilməsi haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında
Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə
bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli
Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin
günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli
azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar
kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi
qiymətləndirildi. 20 Yanvar - Ümumxalq Hüzn Günü elan edildi.
Rayon rəhbəri bildirib ki, 1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli
yol 2020-ci il sentyabr ayında Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi və rəşadətli Ordumuzun 44 günlük Zəfər salnaməsi ilə ən mühüm
zirvəsinə çatdı. Vaxtilə Şəhidlər xiyabanına gəlib, şəhidləri ziyarət edən
gənclər özləri qəhrəmanlıq dastanı yazdılar.
Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, Kəngərli kənd tam orta
məktəbin direktoru Elçin Mirzəyev çıxış ediblər.

"DİA-AZ"

Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib
Tərtərdə 20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı tədbir keçirilib

Geri qayıt