Əsas Səhifə > Güney Press > Prosesin uzanması Ermənistan üçün itkidir
Prosesin uzanması Ermənistan üçün itkidirDünən, 18:58 |
Ötən gün dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın on birinci görüşündə qəbul edilən qərarla bağlı Ermənistan parlamentinin müxalif deputatı Tiqran Abramyanın açıqlaması diqqət çəkib. Abramyan delimitasiyanın Tavuşdan – Ermənistan-Gürcüstan-Azərbaycan sərhədindən başlanmasını rəsmi Bakının diktə etdiyini vurğulayıb. Onun sözlərinə görə, bu, Azərbaycan üçün həyati əhəmiyyət kəsb edirdi və Bakı bir müddət əvvəl qaytarılan Qazaxın anklav olmayan 4 kəndi ilə bağlı başlayan prosesi davam etdirir. Belə ki, hazırda qəbul olunan prinsiplə Azərbaycanın anklavlarının - Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndlərinin qaytarılması gündəmə gələcək. Abramyan qeyd edib ki, bu kəndlər geri qaytarılacağı halda Tavuşun təkcə daxili kommunikasiyanı məhv etməyəcək, həm də Ermənistan-Gürcüstan sərhədinə gedən Tavuş-Baqrataşen yolu Azərbaycan Ordusunun müşahidəsi altına düşəcək. Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a deyib ki, Ermənistanda ayrı-ayrı müxalif şəxslərin bu cür fikirləri bizi təəccübləndirmir: "Azərbaycan delimitasiya-demarkasiya prosesində səmimidir. Həmçinin Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla normal münasibətlərin qurulmasında maraqlıdır. Cənubi Qafqaz kiçik bölgədir. Burada 3 dövlət - Azərbaycan, Gürcüstan və Ermənistan var. Həmin ölkələr arasında münasibətlər normallaşarsa, bu, ümumi rifaha töhfə verər. Bunu Azərbaycan tərəfi yaxşı başa düşür. Əslində Ermənistanın Baş naziri Nikol Paşinyan da anlamamış deyil. Sadəcə olaraq Ermənistan Azərbaycandan fərqli olaraq müstəqil siyasət yürüdə bilmir. Nəticədə də proseslər uzanır. Sözügedən anklavların qaytarılması ilə bağlı aparılan işlərə müxalif bir şəxsin verdiyi reaksiya onu göstərir ki, onlar Paşinyana qarşı siyasi xal qazanmaq dərdindədirlər. Buna görə də bu cür ağlabatmayan, məntiqə uymayan təklif və fikirlər səsləndirirlər. Onsuz da gec-tez sərhədlərin delimitasiya-demarkasiyası məsələsi həllini tapmalıdır. Eyni zamanda tərəflər öz sərhədlərini bəlli etməlidirlər. Ümumilikdə isə normal dinc qonşuluq şəraitində yaşamalıyıq". Şərhçinin fikrincə, delimitasiya-demarkasiya prosesinin uzanması Ermənistan üçün itkidir: "Bu dövlətin nümayəndələri Ermənistanın mənafelərini düşünürlərsə, sərhədlərin müəyyənləşməsinin daha tez başa çatmasında maraqlı olmalıdırlar. Digər tərəfdən sülh müqaviləsinin imzalanması bu kimi məsələlərin müsbət nəticəsindən çox asılıdır. Yəni biz görmək istəyirik ki, Ermənistanda həqiqətən aqressiyadan, təcavüzkarlıqdan imtina edirlər. Həmçinin Azərbaycan dövləti ilə dinc yanaşı yaşamağa hazırdırlar. Məhz İlham Əliyev də təkliflərində bütün bunları rəhbər tutur. Lakin bu cür müxalif fikirlər səsləndirən erməni deputat və ya siyasilər əslində sülh prosesini əngəlləməyə çalışırlar. Ümumiyyətlə Azərbaycanın bütün torpaqları özünə qaytarılmalıdır və heç kim bunun əksini deyə bilməz". Geri qayıt |