Əsas Səhifə > Güney Press > Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı...
Tarixi Bakı məhkəməsi: cinayət işi ayrı, siyasət işi ayrı...Dünən, 12:39 |
Bu gün tarixi məhkəmə başlayır. Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələrinin Azərbaycana qarşı törətdikləri qanunsuz əməllərə dair proses Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçiriləcək. Bu, İkinci Dünya Müharibəsindən sonra III Reyxin rəhbərləri üzərində keçirilmiş Nürnberq prosesini xatırladır. Həmin məhkəmədə faşist Almaniyasının dövlət ierarxiyasında yüksək vəzifələr tutmuş, insanlığa qarşı saysız-hesabsız cinayətlər törətmiş şəxslərdən bir qrupu mühakimə olunmuşdu. Arlarında Borman, Hess, Rozenberq, Rippentrop, Görinq, Keytel, Kaltenbrunner, Frank və başqa canilər vardı. Bu şəxslər haqqınds "canilər" ifadəsini oba görə işlədirəm ki, artıq barələrində məhkəmə hökmləri var. Bakı prosesi isə hələ bu gün başlayır. Əlbəttə, Ruben Vardanyanı, Arkadi Qukasyanı, Bako Saakyanı və sair təqsirləndirilən şəxsləri eyni tutmuruq. Tarix, miqyas başqadır. Amma bu gün məhkəməsi başlayan 15 şəxs də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onlarla maddəsi ilə təqsirləndirilir. Rəsmi məlumatlarda o maddələrdən 23-ünün adı çəkilir. Bunlar kifayət qədər ağır, xüsusilə ağır cinayət əməlləridir və çox ağır da sanksiyaları var. Ancaq III Reyxin rəhbərlərindən fərqli olaraq, Bakı məhkəməsində təqsirləndirilənlərin bəxti gətirib; Azərbaycan artıq 25 ildir, Avropa Şurasının üzvüdür və bu ölkədə ölüm hökmü yoxdur. Maddələrə baxın: "100 (təcavüzkar müharibəni planlaşdırma, aparma), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma), 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə)" və sair. 15 nəfər təqsirləndirilən şəxs yuxarıda sadalanan maddələrlə ittiham olunur. Rəsmi məlumatlardan da görünür ki, bu şəxslərin axtarışı, saxlanılması, həbsi və istuntaqı zamanı prosessual qanunvericiıiyə tam əməl olunub; özləri seçdikləri vəkillərlə təmin olunmaqdan tutmuş, münasib saxlanma şəraitinə qədər hər şey qanun çərçivəsində olub. Məhkəmə prosesinin də bu məcrada aparılacağına şübhə yoxdur. İttiham aktında sadalanan maddələrdən də göründüyü kimi, bu qanunsuz əməllər təkcə Azərbaycan dövləti və xalqı əleyhinə deyil, həm də bütövlükdə bəşəriyyət əleyhinədir. Çoxu insanlığa qarşı cinayətlərdir. Əlbəttə, bu ittihamlar məhkəmədə diqqətlə və ətraflı araşdırılacaq, qanuna uyğun hüquqi qiyməti veriləcək. Şübhəsiz, ictimai rəy bir şeydir, qanuni qüvvəyə minmiş məhkəmə hökmü başqa şeydir. Məhkəmə prosesi başa çatandan, hökm çıxarılandan sonra hər kəsi öz əməlinə görə öz adı ilə çağıra biləcəyik. Təqsirsizlik prezumpsiyası bunu tələb edir. Azərbaycan 44 günlük Vətən müharibəsində də, 23 saatlıq antiterror tədbirlərində də bütün beynəlxalq konvesiyalara və milli qanunveiciliyə uyğun hərəkət edib. İstintaqda da bu prinsiplər gözlənilib, heç şübhə yoxdur ki, məhkəmə prosesi də eyni qaydada aparılacaq. Əlbəttə, çox güman ki, bu prosesə təsir göstərməyə, başqa mülahizələr yürütməyə xaricdən hansısa cəhdlər olacaq. Azərbaycana qarşı bu cür qərəzli yanaşmalar - konkret ittihamlara əsaslanan konkret cinayət işlərini siyasiləşdirmək istəyənlər yəqin ki, tapılacaq. Ancaq dünyada ədalət varsa, insanlığa qarşı cinayətlərdə təqsirli bilinən şəxslərin məhkəməsinə siyasi çalar qatmayacaq. Bu, cinayət işidir; siyasətin işi deyil. Bunu hamı belə bilsin. Bahəddin Həzi, bizimyol.info Geri qayıt |