Əsas Səhifə > Güney Press > 3 aya 12 min KXDR əsgəri məhv olacaq

3 aya 12 min KXDR əsgəri məhv olacaq


Dünən, 10:50
3 aya 12 min KXDR əsgəri məhv olacaq
Rusiyanın Kursk bölgəsində Ukrayna ordusuna qarşı döyüşən 12 min nəfərdən ibarət Şimali Koreya hərbi kontingenti yaxın üç ay ərzində məhv edilə bilər.
Bu fikirlər ABŞ-nin Müharibə Araşdrımaları İnstitutunun (ISW) hesabatındandır. ISW analitiklərinin belə qənaətə gəlməsinə səbəb Koreya Xalq Demokratik Respublikasının(KXDR) əsgərlərinin hazırkı gündəlik itki tempi olub.

Hesabatda Ukrayna prezidenti Vladimir Zelenskinin açıqlamaları da xatırlanıb. Zelenski bu ilin yanvar ayının ilk günlərində bəyan etmişdi ki, Kurskda 3800 Şimali Koreya hərbçisi öldürülüb və ya yaralanıb.

Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin məlumatına görə, yanvarın ortalarına qədər isə 300 Şimali Koreya hərbçisi döyüşlərdə həlak olub. Kəşfiyyatçılar 2700 nəfərin yaralı halda təxliyə edildiyini söyləyirlər.

"Beləliklə, Şimali Koreyanın itki tempi 2024-cü ilin dekabr ayının əvvəlində -genişmiqyaslı döyüş əməliyyatlarının başlanmasından bəri gündə təxminən 92 nəfər olub. Pxenyan Kursk bölgəsinə təxminən 12 min əsgər yerləşdirib. Əgər KXDR qüvvələri hərbi əməliyyatları bundan sonra da davam etdirsələr, Kurskdakı kontingentdə xidmət edənlər təxminən 12 həftə ərzində (2025-ci il aprelin ortalarına qədər-red) öldürülə və ya sıradan çıxarıla bilər", - İnstitutun hesabatında yazılıb.

ISW analitikləri qeyd ediblər ki, gündəlik çoxsaylı itki belə bir genişmiqyaslı müharibə üçün xarakterik haldır. Şimali Koreya qoşunları isə Kuskdakı silahlı qarşıdurmaya hazır olmayıb. Ona görə də daha çox yaralı-ölü nisbəti müşahidə oluna bilər: "Yaralı Şimali Koreya əsgərlərinin döyüşə qayıdıb-qayıtmayacağı və ya onların ölkələrinə nə vaxt dönəcəyi bəlli deyil".

Qeyd edək ki, KXDR hərbçilərinin Rusiya qoşunları ilə birgə döyüşlərə qatılması haqqında xəbərlər ötən ildən yayılır. Bir neçə gün öncə isə iki əsgərin əsir düşməsi bu məlumatların doğruluğunu təsdiqləmiş oldu. Bundan əvvəl Ağ Ev KXDR hərbçilərinin Kurskdakı itkilərini şərh edib. Ağ Evin müşaviri Con Kirbi bildirib ki, Rusiya bu döyüşçüləri daha çox meyit torbaları ilə təmin etməlidir. Çünki itkilər get-gedə artacaq.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

AzVision.az

Geri qayıt