Əsas Səhifə > Güney Press > Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur

Rusiyanın sülh prosesinə təsir imkanları məhduddur


Bu gün, 11:36
Rusiyanın sülh prosesinə təsir  imkanları məhduddur
Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə də toxunub.
Cənubi Qafqaz ölkələrinin bütün problemlərini yaxın qonşuları ilə həll etməsinin vacibliyindən bəhs edən Rusiya XİN başçısı qeyd edib ki, Aİ missiyasının Ermənistanın Sünik bölgəsində təhlükəsizliyi təmin etməsi anlaşılan deyil:

“Biz istər-istəməz nə vaxtsa Rusiyanın indi danışdıqlarına gələcəyik. Məhz buna görə də Cənubi Qafqaz ölkələri və onların qonşuları "3+3" mexanizminin yaradılması təşəbbüsünü dəstəkləyib. Düşünürəm ki, bu, daha məhsuldar formatdır".
Lavrov hesab edir k, Ermənistan və Azərbaycan praktiki olaraq sülh müqaviləsi ilə bağlı razılığa gəliblər və mübahisə doğuran digər məsələlərin həlli üçün də konkret qərar verməlidirlər: “Aydındır ki, qalan iki məsələnin üstündən keçmək çətindir. Həll etmək lazımdır: ya hə, ya da yox".

Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov “Sherg.az”a açıqlamasında indiki mərhələdə Rusiyanın Azərbaycan-Ermənistan sülh prosesinə təsir imkanlarının məhdud olduğunu deyib. Onun sözlərinə görə, tərəflər sülh prosesində birbaşa danışıqlara üstünlük verir, bu prosesdə üçüncü qüvvənin olmasına ehtiyac yoxdur:

“Rusiya xarici işlər naziri Sergey Lavrov illik mətbuat konfransında media nümayəndələrinin suallarına cavab olaraq bir sıra fikirlər səsləndirib. Həmin suallardan bəziləri Cənubi Qafqaz, xüsusən də Azərbaycanla bağlı olduğundan bu fikirlər bizim ictimaiyyətimiz tərəfindən də təhlil edilir.
Fikir verirsinizsə, nə vaxt Azərbaycanla Ermənistan arasındakı sülh danışıqları sürətlənir, o zaman Rusiya dövriyyəyə girməyə başlayır. Rusiya tərəfindən çoxdandır ki, heç bir təklif, ideya irəli sürülmürdü.
İndi çalışır ki, Azərbaycan və Ermənistan rəhbərliyi arasında görüş keçirilməmişdən öncə belə bir təşəbbüslə çıxış etsin və bu görüş məhz Rusiyada baş tutsun. Proseslə bağlı öz təkliflərini tərəflərə bəyan etsin. Yəni Rusiyanın fəaliyyəti əsasən Qərbin prosesdə iştirakının qarşısını almağa yönəlib.
Geosiyasi proseslərdən görünür ki, Amerika Birləşmiş Ştatlarında Donald Tramp Administrasiyasının hakimiyyətə gəlməsi bizim regionumuzda da sülh və təhlükəsizlik istiqamətində son akordları vura bilər. Lavrovun da qeyd etdiyi kimi, Ermənistan və Azərbaycan praktiki olaraq sülh müqaviləsi ilə bağlı razılığa gəlib, bir çox mühüm məsələləri həll ediblər. Hazırda Ermənistan konstitusiyasının dəyişdirilməsi gündəmin əsas mövzularından biridir. Çünki bu ölkənin konstitusiyasının dəyişdirilməsi Azərbaycanın əsas tələbləri sırasındadır. Səbəb isə burada Azərbaycana qarşı ərazi iddialarının yer almasıdır. Ermənistan Cənubi Qafqazda sülhün tərəfdarıdırsa, Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Dövlətimiz rəsmi səviyyədə bununla bağlı qarşı tərəfə dəfələrlə xəbərdarlıq edib. Bəlkə də, Ermənistan konstitusiyası dünyada analoqu olmayan konstitusiyadır ki, orada başqa dövlətlərə qarşı ərazi iddiasını əks etdirən məqamlar öz əksini tapıb. Burada Azərbaycana qarşı faktiki olaraq ərazi iddiaları yer alır. Ona görə də Azərbaycan dövlətinin haqlı olaraq bununla bağlı tələbləri var. Əgər Ermənistan, həqiqətən də, sülhdə səmimidirsə, münasibətləri birdəfəlik olaraq normallaşdırmaq istəyirsə, buna mane olan bütün maneələri aradan qaldırmalıdır”.
Politoloqun sözlərinə görə, ATƏT-in Minsk qrupunun rəsmi şəkildə ləğvi üçün Azərbaycanın və Ermənistanın birlikdə müvafiq müraciət ünvanlaması ölkəmizin rəsmi İrəvan qarşısında irəli sürdüyü ikinci şərtdir. Əgər münaqişə bitibsə, Minsk qrupuna ehtiyac yoxdur:
"Bu qrup Qarabağ münaqişəsinin həlli üçün yaradılmışdı. Sərhəddən üçüncü dövlətin hərbi qüvvələrinin, o cümlədən Avropa Birliyinin casus missiyasının yığışdırılması da Azərbaycanın əsas şərtlərindən biridir. Lakin fevralda missiyanın vaxtının bitməsinə rəğmən AB və Ermənistan onu uzatmaqda maraqlı görünür. Bu isə tərəflər arasında sülh prosesinə zərbə vuracaq çox ciddi bir problemdir. Əgər Paşinyan Aİ missiyasının vaxtının uzadılmasından imtina etsə, Azərbaycanın digər tələblərini də yerinə yetirəcək”.

Geri qayıt