Əsas Səhifə > Güney Press > Ermənistan dörd qonşunun hədəfinə çevrildi
Ermənistan dörd qonşunun hədəfinə çevrildiDünən, 20:42 |
Ötən gün Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında saziş imzalandı. Bunun Ermənistana hansı dividentlər gətirəcəyi maraq doğurur. Ardınca isə ABŞ Dövlət katibi Entoni Blinken gələn həftə Xüsusi Sərhəd Təhlükəsizliyi Qrupunun Ermənistana yola düşəcəyini bildirdi. ABŞ kəşfiyyatının Ermənistan sərhədinə göndərilməsinə İran necə reaksiya verəcək? Globalinfo.az-a danışan politoloq Sahil Kərimli deyib ki, Ağ Evin getməkdə olan administrasiyası ilə Ermənistan arasında imzalanan strateji tərəfdaşlıq haqqındakı saziş böyük əhəmiyyətə malik deyil: “Adi kağız parçasıdır. Çünki rəsmi Vaşinqtonun onlarla belə ölkələrlə analoji sazişləri var. Bu isə həmin ölkələrlə Vaşinqtonun münasibətlərinin nə vaxtsa kəskinləşməyəcəyindən sığortalamır. Məsələn, Gürcüstan və ABŞ arasında bənzər saziş 2009-cu ildə imzalanmışdı. Sonrakı hadisələrin gedişatına baxdıqda görürük ki, ABŞ belə saziş bağladığı, xüsusilə də Ermənistan kimi dövlətlərlə münasibətdə ikitərəfli, bərabərhüquqlu tərəfdaşlığı nəzərdə tutmur. Həmin dövlətlərlə sadəcə öz maraqlarını təmin etmək üçün alət kimi baxırlar. Ermənistan tarixən və hazırda da Rusiya, İran, ABŞ üçün iyrənc alət rolunu oynayıb. Həmin ölkələr bundan çox məharətlə istifadə edib. Bu baxımdan düşünürəm ki, həmin saziş Ermənistana heç bir iqtisadi, siyasi və hərbi dividentlər gətirməyəcək. Bu Ermənistanın gələcəkdə daha pis vəziyyətə düşməsinə, hər tərəfdən təzyiqlərə məruz qalmasına səbəb olacaq. Burada təbii ki, Rusiya və İrandan söhbət gedir”. Politoloqun sözlərinə görə, tezliklə Ermənistana ABŞ-ın Xüsusi Sərhəd Təhlükəsizliyi Qrupunun göndərilməsi İranın böyük narazılığına səbəb olacaq: “Qərb və ABŞ-ın birbaşa İran sərhədində möhkəmləndirilməsi planlaşdırılır. Bu da İran üçün böyük təhdiddir. ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın İrana münasibəti də aydındır. İlk hakimiyyəti dövründə o, İrana qarşı çox sərt siyasət aparmışdı. Trampın İsraillə dostluq münasibətlərinin birbaşa İranla münasibətlərə neqativ təsir göstərəcəyi birmənalıdır. Əslində İrana təzyiq imkanları yaratmaqla getməkdə olan Bayden administrasiyası Trampa hədiyyə verir. Lakin İran Rusiya ilə analoji saziş imzalayaraq əslində bu addıma cavab verib. Amerikanın göndərəcəyi qrupun orada önəmli rol oyanayacağını da düşünmürəm. Çünki rəsmi və praktiki müstəvidə Ermənistanın İran və Türkiyə ilə sərhədlərini məhz Rusiya sərhədçiləri qoruyur. Bu kontekstdən ABŞ-ın əsas məqsədi Ermənistandan alət kim istifadə edərək Rusiyanın cənubi Qafqazda nüfuzunu azaltmaq və özünün İkinci Qarabağ müharibəsindən sonra bu regionda zəifləmiş mövqeyini möhkəmləndirməkdir”. Sahil Kərimlinin sözlərinə görə, Azərbaycan və Türkiyənin birbaşa təkidi ilə yeni geosiyasi reallıq yaranıb: “İstənilən halda bölgədə nüfuzunu gücləndirmək istəyən hər bir dövlət bu reallıqla hesablaşmalıdır. Prosesdə Zəngəzur məsələsinin də xüsusi rolunun olduğunu nəzərə almaq lazımdır. Çünki artıq ABŞ yaxşı anlayır ki, Zəngəzur dəhlizinin açılması bir reallığa çevrilib və bunun qarşısını almaq heç cür mümkün olmayacaq. ABŞ-ın həmin xüsusi qrupu isə daha çox kəşfiyyat xarakterli olacaq. Yəni yerdə vəziyyəti öyrənəcəklər və çalışacaqlar ki, burada möhkəmlənsinlər. ABŞ Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və Ermənistandan keçən hissəsinə nəzarət etmək istəyir”. Xatırladaq ki, ABŞ-la imzalanan saziş Ermənistanı dörd qonşu ölkənin – Azərbaycanın, Türkiyənin, Rusiyanın və İranın açıq hədəfinə çıxarır. Birləşmiş Ştatların Xüsusi Sərhəd Təhlükəsizliyi Qrupu adı ilə regiona soxulması İrəvanı qonşuların açıq hədəfinə çıxaracaq. Sahil Kərimlinin də dediyi kimi, bu saziş daha çox Ermənistandan sui-istifadə üçün imzalanıb. ABŞ Nikol Paşinyanı sanki minalanmış əraziyə buraxıb, onun vasitəsilə bölgədə irəliləməsinə nail olmağa çalışır. Nikol istənilən vaxt “mina” qurbanına çevrilə bilər… Geri qayıt |