Əsas Səhifə > Güney Press > Danışıqlar prosesinə yeni elementlər daxil oldu
Danışıqlar prosesinə yeni elementlər daxil olduBu gün, 12:09 |
"Ermənistan Baş naziri Nikol Paşinyanın ATƏT Minsk qrupunun buraxılması və Zəngəzur dəhlizi ilə bağlı son açıqlamaları diqqət predmentidir. Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziyalara verdiyi son müsahibə zamanı səsləndirdiyi fikirlər erməni tərəfində ciddi təşviş yaradıb". Bunu Teleqraf.com-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov deyib. O qeyd edib ki, Azərbaycanın tələblərini ya Ermənistan rəhbərliyi yerinə yetirməlidir, ya da rəsmi Bakı bu işə nöqtə qoyacaq: "Erməni əhalisi və rəhbərliyi yaxşı başa düşür ki, İlham Əliyevin tələbləri ciddidir. Sözügedən ölkənin Baş naziri müəyyən bəyanatlar verir, ancaq hələlik hansısa nəticədən söhbət getmir. Real addımlar atılmır. Ümumiyyətlə, Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olma prosesinin başlandığını elan etməsi, ardınca Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin məsələyə şərh verməsi, həmçinin Azərbaycanla bağlı da fikir səsləndirməsi Cənubi Qafqazda dinamik proseslərin təzahürüdür. Diqqət edin, Nikol Paşinyan hazırkı Ermənistan Respublikasının sərhədlərini qorumaq istəyir. O, yaxşı başa düşür ki, ölkəmizin qərb rayonlarını Naxçıvanla birləşdirəcək Mehri rayonu 1929-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Levon Mirzoyan tərəfindən Ermənistana bağışlanıb. Bu, qeyri-legitimdir". Politoloq bildirib ki, Paşinyanın əsas məqsədi ölkəsini Aİ-yə üzv etməkdir: "Baş nazir yaxşı anlayır ki, Ararat Respublikası süqut edərkən ərazisi nə qədər idi. Bura, həmçinin SSRİ dağılarkən Ermənistanın ərazisinin nə qədər olduğunu da əlavə etmək olar. Birmənalı şəkildə deyə bilərik ki, Paşinyan Rusiyanın yanında olsa belə, əsas məqsədi Aİ-yə qəbul edilmək olacaq. Ona görə Baş nazir tezliklə Azərbaycanla olan problemi həll etməyə çalışacaq. Onlar üçün Aİ-yə üzv olan zaman ərazisinin neçə kvadrat kilometr olacağı fərq etməyəcək. Düşünürəm ki, 2025-ci il hər iki ölkə üçün əhəmiyyətli və taleyüklü olacaq. Bu il danışıqlar prosesinə yeni elementlər daxil olacaq, hətta deyərdim, artıq bu baş verib. Qərbi Azərbaycana dayıdış, Zəngəzur dəhlizinin açılması və Ermənistan konstitusiyasının dəyişdirilməsi ilə bağlı referendumun keçirilməsi əsas istiqamətlər olacaq. Bu məsələlər artıq həm yazılı, həm də şifahi şəkildə müzakirə predmentidir". Geri qayıt |