Əsas Səhifə > Güney Press > Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?

Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?


Bu gün, 15:22
Ermənistanın Avropa Birliyi kursu: Rusiya və İranın münasibəti necə olacaq?
Ermənistanın Avropa Birliyinə daxil olmaq üçün siyasi kursa başlaması beynəlxalq arenada ciddi rezonans doğurub.

Ekspertlər bildirirlər ki, bu addım, xüsusilə də Rusiya və İranın münasibətlərində ciddi gərginliyə səbəb ola biləcək. Bu iki ölkənin Ermənistanın yeni xarici siyasət istiqamətinə necə reaksiya verəcəyi sualı isə hələlik cavabsız qalır.

Rusiya-Ermənistan münasibətləri

Rusiya uzun illərdən bəri Ermənistanı siyasi və iqtisadi sahədə dəstəkləyir. Məlumdur ki, Rusiya sərmayələr və humanitar yardımlar vasitəsilə Ermənistana əhəmiyyətli töhfələr verib.

Bunlara Ermənistan Dəmir Yolu Sisteminə edilən sərmayələr, məktəblərə yardım proqramları və digər iqtisadi layihələr daxildir. Lakin son hadisələr göstərir ki, Rusiya Ermənistana olan “rəğbət” siyasətində aldadılıb. Ermənistanın Avropa Birliyinə yaxınlaşma cəhdləri Rusiya tərəfindən “açıq xəyanət” kimi qiymətləndirilməkdədir.

Bu vəziyyət, eyni zamanda, Ermənistandakı rusiyapərəst dairələrin münasibətinə də təsir edir. Ermənistanın siyasi elitasının Avropa Birliyinə yaxınlaşmaq cəhdləri, Rusiyanı Ermənistanın daxilindəki təsir imkanlarını yenidən qiymətləndirməyə vadar edə bilər.

İran-Ermənistan münasibətləri

İran da Ermənistanla iqtisadi və siyasi əlaqələrdə mühüm yer tutur. Xüsusilə, Ermənistanın Avropa Birliyi ilə inteqrasiya cəhdləri İranın maraqlarına ziddir. İran Ermənistanı Qafqaz regionunda Rusiyaya qarşı deyil, əksinə, təbii müttəfiq kimi görürdü. Lakin Ermənistanın bu yeni siyasi kursu İranı narahat edə bilər. İran regionda artan Qərb təsirini özünə təhdid kimi qəbul edir və Ermənistanın bu istiqamətdə atdığı addımlar iki ölkə arasında mövcud münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.

Ekspertlər hesab edir ki, Ermənistanın Avropa Birliyi ilə yaxınlaşma səyləri təkcə iqtisadi deyil, hərbi sahədə də dəyişikliyə yol aça bilər. Son zamanlar Ermənistanın Qərb dövlətləri, xüsusilə də Fransa ilə əlaqələrini genişləndirməsi yeni ehtimalları gündəmə gətirir. Ermənistanda Fransa hərbi bazasının yaradılması mümkünləri ciddi şəkildə müzakirə olunur. Bu, Rusiya və İranın maraqlarına zidd olmaqla yanaşı, Qafqaz regionunda güc balansını dəyişə biləcək addım kimi qiymətləndirilir.

Rusiya və İran necə reaksiya verəcək?

Sual yaranır: Rusiya və İran Ermənistanın bu yeni siyasi kursuna nə qədər dözəcək? Hər iki ölkə bu təhqir kimi qəbul edilən addımlara qarşı reaksiya verməkdə tərəddüd edirmi, yoxsa yaxın vaxtlarda sərt addımlar atılacaq? Mümkün sanksiyalar, iqtisadi layihələrin dayandırılması və ya hərbi-təhlükəsizlik tədbirləri gündəmə gələ bilər.

Ermənistanın Avropa Birliyi ilə inteqrasiya səyləri regiondakı siyasi balansı ciddi şəkildə dəyişə bilər. Bu proses Ermənistan, Rusiya və İran arasındakı münasibətlərə yeni istiqamət verə bilər. Ekspertlər bildirirlər ki, gələcəkdə baş verə biləcək hadisələr, Ermənistanın Avropa kursunun nə qədər uğurlu olacağını və bu kursun regiondakı böyük güclər tərəfindən necə qarşılanacağını göstərəcək.

Musavat.com

Geri qayıt