Əsas Səhifə > Güney Press > Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə...
Tural Abbaslı 150 manatlıq ayaqqabı geyinir, digər siyasətçilər isə...Dünən, 17:57 |
Siyasətçilərin geyim tərzi, dəblə necə ayaqlaşması və onların şəxsi imicləri çox vaxt ictimaiyyətin maraq dairəsində olur. Kimisi sadə və təvazökar görünüşü ilə seçilir, kimisi isə bahalı geyim və aksesuarları ilə diqqət çəkir. Məsələn, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin "32 manatlıq ayaqqabı geyinirəm" açıqlaması bu yaxınlarda az qala gündəmə çevrildi və müxtəlif müzakirələrə səbəb oldu. Maraqlı bir sualla yola çıxdıq. Bəs, digər siyasətçilər necə, geyim tərzlərinə, brend ayaqqabılara nə qədər alüdədirlər? Ssualımıza cavab tapmaq üçün bir neçə siyasətçiyə müraciət etdik. Ağ Partiya sədri Tural Abbaslı geyimdə brendə deyil, keyfiyyətə üstünlük verdiyini vurğulayır. Onun sözlərinə görə, ayaqqabı seçərkən əsas meyar rahatlıq və uzunömürlülükdür: "Geyim məsələsinə çox diqqət verməsəm də, aldığım geyimlərin uzunömürlü və səliqəli olmasına çalışıram. Ayaqqabılara gəlincə, məlumdur ki, ayaqqabı yaxşı olmayanda ayaqlar tərləyir, ayaq göbələyi yaranır. Mən 80-150 manat arasında ayaqqabılar alıram. Bu qiymət aralığındakı ayaqqabılar həm keyfiyyətli, həm də uzun müddət istifadə oluna bilən məhsullardır". Milli Məclisin deputatı Zahid Oruc mövzu ilə bağlı fikir bildirməkdən çəkinib: "Bu suala cavab vermək istəmirəm. Ancaq onu demək istəyirəm ki, çox sadə geyinirəm". Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə də geyim qiymətlərini açıqlamağı düzgün hesab etmədiyini deyir: "Səliqəli geyinməyi sevirəm. Açığı, aldıqlarımın qiymətindən asılı olmayaraq keyfiyyətə diqqət edirəm. Mənim üçün qiymət o qədər də əhəmiyyətli deyil. Əlbəttə, cibimə uyğun geyimlər almağa çalışıram, amma konkret qiymətini demək məncə doğru olmaz". Milli Məclisin deputatı Elman Nəsirov da sualımıza cavab verməkdən imtina edib: "Mən bu kimi suallara cavab verməyi özüm üçün lüzumsuz bilirəm". Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa isə xaricdən ayaqqabı aldığını, ancaq çox cüt ayaqqabısı olmadığını deyir: "Qiymətləri yadımda deyil, amma ayaqqabılarımı xaricə gedəndə oradan alıram. Onlar da bahalı deyil, sadə ayaqqabılardır. Mənim ümumilikdə, qış və yay üçün cəmisi 3-4 cüt ayaqqabım var. Ayağıma uyğun nə varsa, onu geyinirəm". Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu da ayaqqabılarının qiymətini açıqlayıb: "Konkret qiymətlərini xatırlamasam da, 50-70 manatlıq ayaqqabılar geyinirəm". Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli xaricdən alış-veriş etməyə üstünlük verdiyini bildirir və hazırda geyindiyi ayaqqabının qiymətini açıqlayıb: "Tez-tez xaricə gedirəm və ayaqqabılarımı oradan alıram. İndi geyindiyim ayaqqabının qiyməti təxminən 45 manatdır". Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn isə geyindiyi ayaqqabının qiymətini açıqlayıb: "Hazırda geyindiyim ayaqqabının qiyməti 70 manatdır". SHERG.az Geri qayıt |