Əsas Səhifə > Güney Press > Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir?
Zəngəzur dəhlizi: İran Türkiyə ilə “böyük bazarlığa” gedir?6-01-2025, 17:59 |
İran nümayəndə heyəti Zəngəzur dəhlizi məsələsini müzakirə etmək üçün tezliklə Türkiyəyə səfər edəcək. “Cebheinfo.az”-ın məlumatına görə, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi açıqlama verib. Onun sözlərinə görə, Zəngəzur dəhlizi heç də siyasi məsələ deyil. Bu, iki ölkə arasında çox spesifik tarixə malik texniki məsələdir: “İranın mövqeyi sabitdir. Biz nəinki nəqliyyat sahəsində əməkdaşlığın artmasını alqışlayırıq, həm də ölkələrin suveren hüquqlarına hörmət edilməli olduğunu qeyd edirik. Yəqin ki, yaxın vaxtlarda müvafiq strukturların iştirakı ilə nümayəndə heyətimiz bu mövzunu daha sıx müzakirə etmək üçün Türkiyəyə səfər edəcək. Ümid edirik ki, bu məsələ tezliklə həllini tapacaq”, - Bəkayi belə deyib. Zəngəzur dəhlizinin açılmasının əsas əleyhdarlarından biri olan İranın indi bu məsələni Türkiyə ilə müzakirəyə çıxarması bir sıra suallar yaradıb. Qeyd edək ki, İran 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi reallıqları qəbul etmədiyini bildirir. Xüsusilə də 2022-ci ilin dekabr ayında İranın ali lideri Ayətullah Seyid Əli Xameneyi Zəngəzur dəhlizini ölkəsinin “qırmızı xətt”i elan etdi. Xameneyinin sözügedən açıqlaması nəticəsində İran-Azərbaycan münasibətlərində yaranmış gərginlik hələ də aradan qalxmayıb. İranın əsas məqsədi Türkiyənin Cənubi Qafqazda geosiyasi təsirinin artmasının və Azərbaycanla birbaşa quru əlaqəsinin qarşısını almaqdır. İran siyasətçiləri və ekspertləri mediadakı çıxışlarında tez-tez Zəngəzur dəhlizini “NATO dəhlizi”, “Turan dəhlizi” adlandırmaqla məhz Türkiyəyə eyham vurur. Çünki İran rejimi Türkiyənin Cənubi Qafqaza və Mərkəzi Asiyaya birbaşa çıxış əldə etməsini öz maraqlarına təhdid hesab edir. Bu baxımdan, rəsmi Tehranın indi Zəngəzur dəhlizi məsələsini Türkiyə ilə müzakirə etmək qərarı siyasi mövqeyində dönüş kimi də dəyərləndirilə bilər. Yəni İran rejiminin Ankaraya nümayəndə heyəti göndərməsi Zəngəzur dəhlizinin açılması istiqamətində Türkiyə rəhbərliyi ilə hansısa razılaşma əldə etmək cəhdi təsiri bağışlayır. Lakin Azərbaycanın qərb hissəsi ilə Naxçıvan MR arasında nəqliyyat-kommunikasiya əlaqələrinin açılmasına dair razılaşmanın əsas tərəfləri Azərbaycan, Ermənistan və Rusiyadır. Zəngəzur dəhlizinə dair yeganə hüquqi sənəd isə 2020-ci il 10 noyabr Bəyanatıdır. Nə İran, nə də Türkiyə bu razılaşmanın imzalanmasında iştirak etməyib. Ona görə də nəqliyyat-kommunikasiya əlaqələrinin açılması Azərbaycan, Ermənistan və Rusiya arasındakı birgə qərardan asılıdır. Artıq Horadiz-Mehri-Arazdəyən-Ordubad dəmir yolunun açılmasına dair 2022-ci ilin iyun ayında Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərindən ibarət birgə işçi qrup çərçivəsində razılaşma da var. Azərbaycan dəmir yolunun öz ərazisindən keçən hissəsinin inşasını başa çatdırıb. Lakin Ermənistan 4 ildən artıqdır 10 noyabr Bəyanatının 9-cu bəndində Zəngəzur dəhlizinin açılmasına dair götürdüyü öhdəliyi yerinə yetirməkdən yayınır. Eyni zamanda, rəsmi İrəvan avtomobil yolunun bərpası və inşasından imtina edir. Nikol Paşinyan hökuməti Zəngəzur dəhlizinin Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə yaratdığını iddia edir. Xatırladaq ki, 10 noyabr Bəyanatına görə, Zəngəzur dəhlizinin təhlükəsizliyini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları təmin etməlidir. Paşinyan hakimiyyəti isə hesab edir ki, təhlükəsizliyi Rusiyanın deyil, Ermənistanın təmin etməsində israr edir. Əgər Ermənistan bu məsələdə mövqeyini dəyişərsə, Zəngəzur dəhlizinin qısa zamanda açılması qaçılmaz olacaq. Ermənistanı təxribata çəkən ölkələr arasında İran xüsusi yer tutur. Ancaq İran Cənubi Qafqazdakı geosiyasi və geoiqtisadi proseslərə ciddi təsir imkanlarına malik deyil. Üstəlik, İran 10 noyabr Bəyanatında yer almadığına görə hər hansı Zəngəzur dəhlizinin açılmasına müdaxilə etməyə hüquqi səlahiyyəti də yoxdur. Rəsmi Tehranın bu məsələni Türkiyə ilə müzakirə etmək niyyəti çox güman ki, siyasi “bazarlıq” məqsədi daşıyır. Yəni HƏMAS, “Hizbullah” təşkilatlarının məğlubiyyəti və Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra Yaxın Şərqdə İranın geosiyasi kollapsa uğrayıb. Türkiyə isə Suriyada əsas regional güc mərkəzinə çevrilib. Böyük ehtimalla, İran rejimi Yaxın Şərqdə Türkiyə ilə qarşılıqlı razılaşmalar əldə etməyə və bəzi istiqamətlərdə mövqelərini qoruyub saxlamaq qarşılığında Zəngəzur dəhlizinin açılmasına loyal münasibət sərgiləyəcəyini vəd edə bilər. Bununla da İran rejimi özünü Zəngəzur dəhlizinin açılmasına razılıq verən tərəf kimi təqdim etməyə çalışır. Halbuki, İran bu məsələdə hər hansı səlahiyyətə və hüquqa malik deyil. Tehran hakimiyyəti bir tərəfdən özünün “qırmızı xətt”indən imtina etdiyinə dair rəy yaratmağa çalışsa da, şübhəsiz ki, gizlin şəkildə Ermənistana Zəngəzur dəhlizini açmamağı tövsiyə edəcək. İran XİN-in açıqlamasında Zəngəzur dəhlizinin siyasi deyil, “texniki məsələ” adlandırılması da Tehranın mövqeyində yumşalma görüntüsü yaratmağa xidmət edir. Əslində, İranın Zəngəzur dəhlizinin əleyhinə yönəlik bütün bəyanatları və çağırışları siyasi məzmun daşıyıb. İran rejimi sadəcə olaraq, Türkiyəni aldadıb Yaxın Şərqdə qazanc əldə etmək istəyir. Lakin son vaxtlar Yaxın Şərqdə gücü bir neçə dəfə artmış Türkiyənin bu “oyun”a gedəcəyi inandırıcı görünmür. Geri qayıt |