Əsas Səhifə > Güney Press > Avropa İttifaqı Rusiya tankerlərinə qarşı sanksiyaları genişləndirəcək

Avropa İttifaqı Rusiya tankerlərinə qarşı sanksiyaları genişləndirəcək


Dünən, 13:16
Avropa İttifaqı Rusiya tankerlərinə qarşı sanksiyaları genişləndirəcək
Baltik dənizində “Estlink 2” sualtı telekommunikasiya kabelinin sıradan çıxması ilə əlaqədar Avropa İttifaqı Rusiyanın tanker donanmasına qarşı əlavə sanksiyalar tətbiq etmək niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumat Avropa Komissiyası və Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kay Kallasın birgə bəyanatında əksini tapıb.

Bəyanatda qeyd olunur ki, Rusiyanın tankerlərinə sanksiyalar qaçılmazdır:

"Biz bu donanmaya təsir göstərmək üçün əlavə tədbirlər, o cümlədən sanksiyalar təklif edəcəyik. Bu insidentlərə cavab olaraq, biz sualtı kabellərin qorunması, o cümlədən təkmilləşdirilmiş məlumat mübadiləsi, yeni aşkarlama texnologiyaları, eləcə də dənizaltı təmir imkanları və beynəlxalq əməkdaşlıq üçün səyləri artırırıq".

Sənəddə həmçinin Aİ-nin Avropanın mühüm infrastrukturunun davamlılığının və təhlükəsizliyinin təmin edilməsinə dair öhdəliyi də öz əksini tapıb. Bəyanat müəllifləri bildirirlər ki, “hal-hazırda regionda elektrik enerjisi təchizatının təhlükəsizliyi üçün heç bir risk yoxdur” və Aİ səlahiyyətliləri insidentin səbəbkarı olan, Rusiyanın kölgə tanker donanmasına məxsus gəmi ilə bağlı “davam edən təhqiqat üzərində Finlandiya səlahiyyətliləri ilə işləyirlər”.

Qeyd edək ki, dekabrın 25-də Finlandiyanın qaz ötürücü sistem operatoru “Fingrid” Finlandiya və Estoniya arasında “Estlink 2” kabel xəttində fasilələr yarandığını açıqlayıb. Hadisə ilə bağlı Finlandiya polisi tərəfindən araşdırma aparılır.

Həmin gün Estoniya ilə Finlandiya arasında üç rabitə kabeli zədələnib.

Dekabrın 26-da Estoniyanın baş naziri Kristen Mixal mətbuat konfransında bildirib ki, NATO-nun baş katibi Mark Rutteyə bu hadisələrlə bağlı Baltik dənizində kritik sualtı infrastrukturun gəmilərlə mühafizəsini gücləndirməyi təklif edəcək.

Xatırladaq ki, son 2 ildə Baltik dənizində sualtı kabel xətlərinin, həmçinin boru kəmərlərinin bir neçə dəfə sıradan çıxarılması halı qeydə alınıb. Hadisələrin demək olar ki, hamısında Rusiya tərəfindən istismar olunan gəmilər əsas şübhəli kimi qeyd olunur.

Geri qayıt