Əsas Səhifə > Güney Press > Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılır
Azad edilmiş ərazilərdə müasir idman infrastruktları yaradılırDünən, 09:32 |
Dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev 2024-cü ilin Azərbaycan idmanı üçün uğurlu il olduğunu bildirdi. Ölkə başçısı qeyd edib ki, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olub. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil ediblər, yarışlarda 1700-ə yaxın medal qazanılıb. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir. İlin ən böyük yarışı olan Yay Olimpiya Oyunlarında Azərbaycan idmançları tarixi nəticə əldə ediblər. Azərbaycan müstəqil ölkə kimi 1996-cı ildən Olimpiya Oyunlarında iştirak edir və bu dəfə ən yüksək yerə layiq görülub, komanda hesabında ölkəmiz 30-cu yerdə qərarlaşıb. Bu, da idmanımızın tarixində ən yüksək nəticədir. Bütövlükdə isə iki yüzdən çox milli komandanın iştirak etdiyi Olimpiya Oyunlarında 30-cu olmaq çox böyük nailiyyətdir. Müsəlman ölkələri arasında isə Azərbaycan üçüncü yerə çıxmışdır. Nəzərə alsaq ki, dünyada 60-a yaxın müsəlman ölkəsi var, bu da böyük və tarixi nailiyyətdir. Komandamız ikisi qızıl, ikisi gümüş, üçü bürünc olmaqla yeddi medal qazanaraq ölkəmizin idman şöhrətini bir daha yüksəklərə qaldırmışdır. Görüşdə qeyd edilib ki, Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir. Ölkəmizin idman uğurlarını təmin edən əsas amillərdən biri müasir standartlara cavab verən idman infrastrukturunun yaradılmasıdır. Bu vaxta kimi bölgələrdə 50-yə yaxın Olimpiya İdman Kompleksi, son vaxtlar isə Bakı şəhərinin parklarının bir neçəsində açıq havada idmanla məşğul olmaq üçün şərait yaradılıb. Bir sözlə, ölkəmizdə idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bütün bunlarla yanaşı azad edilmiş ərazilərdə də idman infrastrukturunun yaradılmasına başlanılıb. İşğaldan azad edilmiş ərazilərdə həyat yenidən, sıfırdan qurulur. Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq. “Böyük coğrafiyada, 15-16 min kvadratkilometr ərazidə, - hansı ki, Ermənistan onu tamamilə yerlə-yeksan edib, - yeni həyat qurulur, özü də müasir, gözəl, rahat”, - deyə dövlətimizin başçısı əlavə edib. Müşavirədə ildirilib ki, idmançılarımız Azərbaycan xalqını öz qələbələri ilə daim sevindirirlər. Əlbəttə ki, gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək. Çünki Azərbaycan dövlətinin siyasəti bu istiqamətdə çox açıqdır, birmənalıdır və uzun illər ərzində aparılır. Bütün bu işlərlə yanaşı azad edilmiş ərazilərdə bu il bir neçə beynəlxalq idman yarışı da keçirilmişdir ki, bunun çox böyük tarixi əhəmiyyəti vardır. Azad edilmiş ərazilərdə həyata keçirlən bərpa-quruculuq işləri ilə yanaşı idman yarışlarının keçirilməsi həmin ərazilərə yeni həyatın qayıtdığının göstəricisidir. Azərbaycan tarixi Zəfərə imza atmış ölkədir və Zəfərimiz hər bir azərbaycanlı, hər bir vətəndaş, ümumilikdə bütün dünya azərbaycanlıları üçün qürur mənbəyidir. İdmançılarımız da qalib xalqı təmsil etdikləri üçün beynəlxalq yarışlarda daha qürurla və ədalətlə iştirak edir, ölkəmizi layiqincə təmsil edirlər. İdmanın cəmiyyətimizin ayrılmaz hissəsi olduğunu qeyd edən dövlətimizin başçısı deyib ki, xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır. Prezident İlham Əliyev mərasimdəki çıxışında gələn ildən Gəncə şəhərində həyata keçiriləcək böyük təmir-bərpa işlərindən danışıb. O, deyib ki, həm şəhər infrastrukturu yenilənəcək, şəhər nəqliyyatı tamamilə yenilənəcək, tarixi binaların bərpası və digər infrastruktur layihələrimiz icra ediləcək ki, bizim qədim şəhərimiz olan, Nizami yurdu olan Gəncə bütün MDB məkanına və daha geniş coğrafiyaya öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etsin. İdmana və idmançılara göstərilən dövlət qayğısı nəticəsində Azərbaycan idmanı bundan sonra da inkişaf edəcək, davamlı qələblər təmin olunacaqdır. Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası "DİA-AZ" Geri qayıt |