Əsas Səhifə > Güney Press, Partiya > Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur

Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur


Bu gün, 12:22
Avropa Parlamentinin riyakar qətnaməsinin arxasında Makron durur
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin "Rossiya-"1 telekanalına müsahibəsi gözlənildiyi kimi geniş reaksiya, bəlli çevrələrdə isə qıcıq doğurmalıydı".

Bu barədə "Sherg.az"a millət vəkili Sahib Alıyev deyib.

Deputat bildirib ki, dövlət başçısının özünün də müsahibədə bildirdiyi kimi qərbdəkilər heç bir normaya sığmayan hərəkətlərinin qarşısında ilk dəfədir ki, susulmadığını, sərrast şəkildə yerlərində oturdulduqlarını görüb də qıcıqlanmaya bilməzdilər:

"Öyrəşəcəklər. Amma Avropa Parlamenti adlanan, təmsilçilərinin çoxu siyasi möhtəkir, korrupsioner və məsuliyyətini anlamayanlardan ibarət yığnağının gülüş qarışıq ikrah doğuran dünənki qətnaməsindən də görünür ki, heç kimin onları özünə müəllim tutmadığıyla hələ barışmaq istəmirlər. Bəli, sözügedən yığnağın qətnaməsinin arxasında da dövlət başçımızın heç vaxt olmadığı qədər sərt dillə tənqid etdiyi Fransa və onun böyüklüyündən əsər-əlamət qoymayan prezidenti durur. Hətta qətnamənin mətnindəki bəzi maddələrdən də bu, görünür. Makron məhz 2022-ci ildə böyük pafosla “bizim dəyərlərimiz, prinsiplərimiz qaz və ya neftlə satın alına bilməz” deyirdi. Amma 2024-cü ilin aprelində “Politiko” nəşri “Qazprom”un Avropadakı müştərilərinin siyahısına məhz Fransanın başçılıq etdiyini və bu azmış kimi onun Rusiyadan aldığı sıxılmış qazın həcmini dayanmadan artırdığını yazmışdı. İndi siz deyin, Prezident Makronla Molyerin Tartüfü arasında çoxmu fərq var?".

Parlament üzvü vurğulayıb ki, belə bir şəxs hansı haqla digər Avropa dövlətlərindən tələb edə bilər ki, onlar Azərbaycandan qaz, yaxud neft almasınlar:
"Əminəm ki, Ermənistan baş nazirinin cənab Prezidentin intervüdəki bəzi fikirlərinə cavab xarakterli açıqlamaları əgər Yelisey sarayındakılarla razılaşdırılmayıbsa belə, ən azından onların mövqeləri nəzərə alınmaqla səsləndirilirdi. Açıqlamalardan görünür ki, Paşinyan cənab İlham Əliyevin sülh anlaşmasının hansı şətlər çərçivəsində imzalana biləcəyi və Qərbi azərbaycanlıların öz yurdlarına dönmələrinə şərait yaradılması haqda dediklərini anlamazlıqdan gəlir. Bu da cənab İlham Əliyevin intervüsündə də açıq şəkildə bildirildiyi kimi onun ölkəsinə baha başa gələ bilər. Müsahibədə Azərbaycanda Türkiyənin hərbi bazasının olub-olmayacağı haqda suala dövlət başçımızın verdiyi möhtəşəm cavabı xatırladaraq bildirmək istəyirəm ki, iki qardaş dövlətin orduları bir orqanizm kimi çıxış etdiklərindən biz buna ehtiyac duymuruq. Amma Ermənistanda hərbi bazası olanlar, yaxud da yerləşdirməyi planlaşdıranlar belə bir reallığın onlara öz oyunlarını oynamaq üçün heç bir şans buraxmadığını anlamalıdırlar. Hələ gec deyil".

Geri qayıt