Əsas Səhifə > Güney Press, Partiya > Siyasətçilər Yeni ili harada qarşılayacaq?
Siyasətçilər Yeni ili harada qarşılayacaq?Dünən, 13:58 |
Bu il Yeni il bayramı və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar 7 gün ardıcıl qeyri-iş günü olacaq. Belə uzun bir fasilə səyahət, tətil həvəskarları üçün yaxşı fürsət sayılır. Bu günləri ölkə daxilində və xaricində keçirmək istəyənlər yerlərini çoxdan sifariş verib. Maraqlıdır, deputatlar, partiya sədrləri Yeni ili harada qarşılayacaqlar? Ağ Partiyanın sədri Tural Abbaslı TNS-in bu barədə sualına cavabında bildirib ki, Yeni il üçün xüsusi bir hazırlıq görmür: "Biz adətən, Yeni il üçün xüsusi planlar hazırlamırıq. Orta statistik Azərbaycan vətəndaşı necə, biz də elə. Yəqin ki, bayramı ailəmlə evimdə keçirəcəyəm. Xüsusi olaraq Avropaya, Rusiya və ya Dubaya getmək fikrimiz yoxdur (gülümsəyir-red)". Millət vəkili Aydın Mizəzadə də Yeni ili Bakıda ailəsi ilə birlikdə qarşılayacaq. "Yeni ili ənənəvi olaraq, ailəmlə öz evimdə, Bakıda qeyd edəcəyəm. Sonrakı günlərdə deputat seçildiyim şəhərə, Mingəçevirə gedərək vətəndaşlarla görüşməyi düşünürəm. Mingəçevirdə əksər sakinlər bilir ki, mənə istədikləri vaxt müraciət edərək bu və ya digər problemlərini müzakirə edə, həllinə kömək istəyə bilərlər", - deyə o qeyd edib. Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev isə bildirib ki, Yeni il üçün heç yolka almağa da imkanı yoxdur: "Elə böyük imkanım olmadığına görə, Yeni ili ailəmlə birlikdə evimizdə qarşılayacağıq. Heç Yeni il üçün yolka almağa imkanımız da yoxdur. Bu bayramı qeyd etmək imkanlıların işidir. Əsas odur, onlar Dubayda, yaxtalarda, dünyanın əlçatmaz yerlərində dincəlsinlər. Siz-biz kasıb insanlarıq, birtəhər yaşayırıq". Deputat Elman Nəsirov deyib ki, Yeni ili ata ocağında - Cəlilabadda qeyd edəcək: "Cəlilabada gedəcəyəm, bayramı orada qarşılayacağam. Daha sonra bir ay Astarada istirahət etməyi düşünürəm". Millət vəkili Aydın Hüseynov isə qısaca olaraq bildirib ki, Yeni ildə Tovuz rayonunda olacaq. Geri qayıt |