Əsas Səhifə > Güney Press, Partiya > Siyasi partiyalara maliyyə yardımı niyə artırılır?

Siyasi partiyalara maliyyə yardımı niyə artırılır?


Bu gün, 09:42
Siyasi partiyalara maliyyə yardımı niyə artırılır?
Maliyyə naziri Samir Şərifov Milli Məclisin plenar iclasında müzakirə edilən 2025-ci ilin dövlət büdcəsi barədə çıxışı zamanı Prezidentin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1 milyon manat və ya 20 faiz artırılmasının proqnozlaşdırıldığını açıqlayıb.
Qeyd edək ki, "Siyasi partiyalar haqqında" qanunun 25-ci maddəsində siyasi partiyaya dövlət maliyyə yardımı ayrılması qaydası əks olunub.
Yeni qüvvəyə minən "Siyasi partiyalar haqqında" Qanuna görə, dövlət tərəfindən ayrılan vəsaitin 40%-i parlamentə düşən partiyalar arasında bərabər bölünür, 50%-i deputatların sayına, yəni 125-ə bölünür və alınan nəticə parlamentdə təmsil olunan partiyalardan seçilən deputat sayına vurularaq həmin siyasi partiyalara verilir, 5%-i təkrar və əlavə seçkilər nəticəsində, həmçinin fəaliyyətdə olan deputatların partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar Milli Məclisində təmsil olunan yeni siyasi partiyalara ayrılır, 2,5 faizi isə parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.
Milli Cəbhə partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev deyir ki, hazırda parlamentdə çoxluğu Yeni Azərbaycan Partiyasından olan deputatlar təşkil edir və digər partiyalardan 1-3 arası deputat təmsil olunur:
"Buna görə də, ayrılan vəsaitin çoxu hakim partiyaya çatır, yəni digər partiyalar daha az məbləğ alırlar".

Partiya sədrinin sözlərinə görə, siyasi partiyaların fəaliyyət göstərməsi üçün böyük məbləğ tələb olunur:
"Azərbaycandakı siyasi partiyalar digər mənbələrdən maliyyə cəlb edə bilmirlər və onlar dövlət büdcəsindən ayrılan vəsaitdən asılıdırlar. Bu vəsait də siyasi partiyalarda texniki işlərin aparılmasına, əməkhaqlarının ödənilməsinə, rayon şöbələrinin və mərkəzi qərargahının saxlanılmasına sərf olunur. Bu, böyük məbləğ deyil. Məbləğin artırılmasına görə də, hökumətə sağol deyirik. Amma o da nəzərə alınmalıdır ki, parlamentdə təmsil olunan partiyaların da sayı artır. Siyasi partiyalar haqqında qəbul olunan qərara görə, son seçkilərdə iştirak edən partiyalara da vəsait ayrılır. Yeni ildən vəsaitin nə qədər olacağını deyə bilmərəm. Bu, məbləğ köçürüləndən sonra məlum olacaq. Ancaq böyük bir məbləğdən söhbət getmir. Partiyaların parlamentdə təmsil olun deputatlarının sayına görə də həmin rəqəm bölüşdürülür".
Razi Nurullayev sədri olduğu partiyada üzvlərdən üzvlük haqqı yığılmadığnı da bildirib:
"Mənə elə gəlir ki, hazırkı şəraitdə üzvlük haqqı yığa bilən yeganə partiya YAP-dır. Digər partiyaların da üzvlük haqqı yığması barədə isə məlumatım yoxdur".

Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev isə deyib ki, siyasi partiyalara maliyyə yardımının artırılacağı ilə bağlı məlumat onlar üçün xoş xəbər olub:
"Siyasi partiyalar ölkənin siyasi institutunun tərkib hissəsidir. Siyasi partiyaların mövcud olması ölkənin imicinə müsbət təsir edir və onların mövcud olmasında bütün cəmiyyət maraqlı olmalıdır".

"Mövcud qanunvericiliyə görə, həm parlament partiyaları, həm də seçkilərdə iştirak edən digər partiyalar vəsait alır. Bu vəsaitin artırılması siyasi partiyaların fəaliyyətinə çox müsbət təsir göstərəcək. Ümumiyyətlə 2020-ci ildən sonra Prezident İlham Əliyevin göstərişi əsasında ölkədə siyasi partiyalarla dialoq mühitinin yaxşılaşdırılması istiqamətində çox işlər görülüb. Bununla bağlı prezident adiministrasiyasında xüsusi şöbə yardılıb və daha yüksək səviyyəli dialoq mühiti qurulub. Hesab edirəm ki, siyasi hakimiyyətlə siyasi partiyalar arasında dialoqun qurulması münasibətlərin yaxşılaşmasına kömək edir", - Elşad Musayev qeyd edib.

Elşad Musayevin sözlərinə görə, maliyyə vəsaitinin artırılması yeni iş yerlərinin açılmasına, ölkənin siyasi məkanına yeni şəxslərin gəlməsinə imkan verir:
"Partiyalarda üzvlük haqqı toplanır, amma siyasi partiyalar dövlət tərəfindən verilən vəsait əsasında fəaliyyət göstərir. Açıq danışsaq üzvlük haqqı ilə nəsə etmək mümkün deyil, üzvlük haqqı simvolik bir şeydir. Biz insanlarımızın maddi vəziyyətini də nəzərə alırıq. Hesab edirəm ki, siyasi partiyaların cəmiyyətdə rolunu artırmalıyıq. Hesab edirəm vəsaitin artırılması siyasi sistemin inkişafı üçün də xeyirlidir".
Xatırladaq ki, 2024-cü ilin büdcəsindən partiyalar üçün 5 milyon manat vəsait ayrılıb.

Geri qayıt